Martın 6-da Gürcüstan prezidenti Mixail Saakaşvili və martın 30-da Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəmizə səfərdə olarkən Milli Məclisdə çıxış ediblər. Hər iki prezident parlamentdə çıxışları zamanı müəyyən məqamlara toxunsanlar da, Dağlıq Qarabağ problemi, Azərbaycanın ərazi bütövlüyü məsələri ilə bağlı fikirlər səsləndirməyiblər. Halbuki, onlar çıxışları zamanı hər zaman Azərbaycanın dostu olduqlarını bəyan ediblər. Azərbaycanın dostu olmaq ölkənin ərazi bütövlüyünü tanımaq və Dağlıq Qarabağ problemində yanında olduğunu deməkdir.
Modern.az-ın əməkdaşı prezidentlərin çıxışlarındakı bu məqamlarla bağlı deputatlardan fikirlər öyrənməyə çalışıb.
Milli Məclisin deputatı Fəzail Ağamalı Gürcüstan prezidenti ilə Qırğızıstan prezidentinin çıxışının eyni motiv üzərində qurulması fikri ilə razı deyil. O əvvəl mətbuata da bu barədə açıqlama verdiyini qeyd edərək bildirib ki, parlamentdə Gürcüstan prezidenti Mixail Saakaşvili avantürüst, eqoizmə söykənən və müəyyən qəbul olunmuş norma və prinsipləri pozan bir çıxış ilə özünü təqdim eləyib.
“Bu əlbəttə mənim ciddi narazılığıma səbəb oldu. Ancaq dünən Qırğızıstan prezidenti Almazbek Atambayevin Milli Məclisdəki çıxışı tamamilə fərqli idi və təsadüfi deyil ki, parlamentin deputatları da onun çıxışını alqışlarla qarşıladı”.
F.Ağamalı hesab edir ki, Qırğızıstan prezidentinin çıxışı daha çox səmimiyyət, iki dövlət arasında münasibətlərin inkişafı, türkdilli ölkələrin inteqrasiyası üzərində qurulmuşdu.
“Eyni zamanda o, birbaşa Dağlıq Qarabağ anlayışının adını çəkməsə də, separatizmi pisləməsi ilə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması fikrini də ortalığa gətirdi. Düşünrəm ki, Qırğızıstan prezidenti Almazbek Atambayevin çıxışı və səfəri Qırğızıstan-Azərbaycan arasındakı münasibətlərin bundan sonra yüksək səviyyədə inkişafında çox ciddi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir”.
Milli Məclisin deputatı İlyas İsmayılov isə bu fikirlərlə razılaşmadığını qeyd edib. O bildirib ki, hər iki ölkənin prezidenti Milli Məclisdə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə edib.
“Başqa nə cür ola bilər ki? Gürcüstanın özünün ərazisi işğal olunub, başqa yolda ola bilməz onlar”.
Aytən ƏLİYEVA