Modern.az-ın məlumatına görə, aprelin 2-si millət vəkilli Vahid Əhmədovun doğum günüdür. Vahid Əhmədov 1947-ci ildə Qubanın Qonaqkənd qəsəbəsində anadan olub. 1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirən V. Əhmədv 1965-71-ci ilərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alaraq mühəndis-energetik ixtisasına yiyələnib.
Bununla yanaşı o, 1989-1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülüb. V. Əhmədov 1967-1971 -ci illərdə leytenant Şmidt (indiki Səttərxan adına) Maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışıb.
1971-72-ci illərdə Sovet ordusu sıralarında xidmət edən V. Əhmədov hərbi xidmətini başa vurduqdan sonra, yenidən Maşınqayırma zavoduna qayıdaraq orada 1977-ci ilə qədər sex rəisi vəzifəsində işləyib. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirib.
1983-86-ccı illərdə "Bakı fəhləsi" adına Maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru işləyib. V.Əhmədov fəal ictimai-siyasi fəaliyyəti ilə də diqqəti çəkib.
O, Azərbyacan SSR Ali Sovetinin deputatı kimi 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazırlanmasında iştirak edib və Azərbaycanın müstəqilliyinin lehinə səs verib. 1991-ci ildə SSRİ-nin saxanmasının əleyhinə səs vermiş 43 istiqlalçı deputatdan biridir.
Onun uğurlu karyerası müstəqilliik illərində də davam edib. Azərbaycan Respublikası Prezidentinin 23 aprel 1992-ci il tarixli, 694 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilən V. Əhmədov bir aydan sonra Baş nazirin birinci müavini vəzifəsinə irəli çəkilib. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli, 56 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilən V.Əhmədov bir müddət ölkədən xaricdə yaşayıb.
V. Əhmədov 2005-ci il 3-cü çağırış və 2010-cu ildə 4-cü çağırış Milli Məclisə keçirilən seçkilərdə dalbadal iki dəfə 52 saylı Quba seçki dairəsindən deputat seçilib. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvüdür.
Vahid Əhmədov texnika elmləri doktorudur. 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunub.
33 yaşında ailə həyatı quran Vahid Əhmədovun iki övladı - 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır.
Modern.az