Avronest PA-nın sessiyası çərçivəsində Siyasi məsələlər, insan haqları və demokratiya komitəsinin iclasında azərbaycanlı deputat Qənirə Paşayeva bu gün Azərbaycanın Kəlbəcər rayonunun məhz Ermənistan tərəfindən işğalından 19 il ötdüyünü xatırladıb. Deputat onu da xatırladıb ki, hələ də Ermənistan tərəfi digər işğal olunmuş rayonun sakinləri kimi kəlbəcərlilərə öz torpaqlarına qayıtmağa imkan vermir.
“Bu işğal nəticəsində ermənilər tərəfindən onlarla insan qətlə yetirilib, yaralanıb, əsir-girov götürülüb. Üstündən 19 il keçməsinə baxmayaraq, kəlbəcərli qaçqınlar öz doğma yurdlarına qayıda bilmirlər, çünki Ermənistan tərəfi onlara öz torpaqlarına qayıtmağa imkan vermir. Üstəlik, Ermənistan bu rayonun işğalı faktı ilə bağlı bir sıra beynəlxalq təşkilatların qərarlarını yerinə yetirmir və öz qeyri-qanuni əməllərini davam etdirir” - deyə, Q.Paşayeva vurğulayıb.