“Avronest” Parlament Assambleyasının II sessiyası hazırda davam edir. Modern.az bildirir ki, sessiyada aparılan çoxsaylı müzakirələr zamanı Şərq tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyətinin möhməklənməsi və hökumət və vətəndaş cəmiyyəti qurumlarına dair hesabat təqdim olunub.
Avropa parlamentindən olan deputat Laima Licianin çıxış edərək bildirib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb.
“Biz 2006-cı ildən bəri Azərbaycanda vətəndaş cəmiyyəti qurumlarının hüquqlarının məhdudlaşdırıldığının şahidi olmuşuq. Hazırda Azərbaycanda həbsxanalarda da vəziyyət yaxşı deyil. Bu ölkədə insanların sərbəst toplaşmaq azadlığı tam məhdudlaşdırılıb”-deyə avropalı deputat qeyd edib.
Müzakirələr zamanı erməni deputat Ş.Şafaryan çıxış edərək deyib ki, Azərbaycanda demokratiya mühiti yoxdur.
“Azərbaycanda insan hüquqları kobud şəkildə pozulur. Mən avropalı deputatlara üz tutub demək istəyirəm ki, Azərbaycanda müxalifət partiyaları sıxışdırılır. Müxalifət partiyalarının və QHT-lərin erməni QHT-lərlə əməkdaşlığına imkan verilmir. AŞPA-nın həmməruzəçisi Azərbaycana buraxılmır”.
“Avronest” Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev erməni deputatların səsləndirdyi fikirlərlə razılaşmadığını bildirib. O, qeyd edib ki, Ermənistan kimi bir ölkədən olan deputatların demokratiyadan danışması yolverilməzdir.
“Vətəndaşlarının gülləbaran edildiyi bir ölkənin nümayəndəsinin belə bir məsələdən danışması gülüncdür”.
Modern.az