Modern.az bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 4-də Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Ukraynalı baş nazirin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini ölkələrimiz arasında əməkdaşlığın yaxşı əlaməti kimi dəyərləndirən dövlət başçısı səfərin uğurlu olacağına və münasibətlərimizin daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan prezident iqtisadi sahədə əməkdaşlığı da siyasi əlaqələr səviyyəsinə yüksəltməyin önəmini qeyd edib. Azərbaycanın Ukrayna ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən ölkə rəhbəri ikitərəfli, çoxtərəfli və regional formatda qarşılıqlı fəaliyyəti davam etdirməyin və ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirib.
Baş nazir Nikolay Azarov Ukrayna prezidenti Viktor Yanukoviçin salamlarını dövlət başçısına çatdırıb. O, ölkəsinin dövlət başçısının prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hörmət bəslədiyini dilə gətirib. Baş nazir paytaxt Bakıda həyata keçirilən böyük tikinti və quruculuq işlərinin şahidi olduğunu bildirib.
Görüşdə enerji, infrastruktur, ticarət və iqtisadi əməkdaşlıq sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət başçısı prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna dövlətinin başçısına çatdırmağı xahiş edib.
Modern.az