Modern.az

Dövlət qulluğuna qəbulda qalmaqal

Dövlət qulluğuna qəbulda qalmaqal

4 Aprel 2012, 16:58


4, 21 oktyabr və 4 noyabr 2011-cu il tarixlərdə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunan müsabiqənin test imtahanı mərhələsi 2011-cu il 25 noyabr– 2012-ci il 14 yanvar tarixlərdə, müsahibə mərhələsi isə 2011-ci il 20 dekabr - 2012-ci il 9 mart tarixlərdə keçirilib.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 5283 namizəd qeydə alınıb. Onlardan 1258 nəfəri (bütün namizədlərin 23,81%-i, test imtahanında iştirak edən 4025 namizədin 31,25%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub.
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti Modern.az-a müsabiqənin yekunlarına dair statistik məlumat təqdim edib.
Bildirilib ki, namizədlərdən 1227 nəfəri (bütün namizədlərin 23,23%-i) test imtahanında iştirak etməyib. Test mərhələsini uğurla başa vuran namizədlərdən

-   535 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

-   392 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb;

-   331 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Test mərhələsində uğur qazanmayan 15 namizəd apellyasiya şikayəti ilə komissiyaya müraciət edib. Onlardan yalnız 1 namizədin şikayəti təmin olunub.

Müsahibədə iştirak etmək hüququ olan 1258 namizəddən 1008 nəfəri bu hüquqdan istifadə edərək müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 65 nəfəri (6,45%) müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edən 943 namizəddən 325 (34,46%) nəfəri vakant vəzifələrə uyğun bilinib.

39 dövlət orqanı üzrə müsabiqədə iştirak etmiş namizədlərdən uğur əldə edən olmayıb.

Müsahibənin nəticələri ilə razı olmayan 40 namizəd öz hüquqdan istifadə edərək, həmin nəticələr Komissiyanın rəsmi internet saytında yerləşdirildiyi gündən 5 iş günü müddətində Komissiyaya apellyasiya şikayəti ilə müraciət edib. 31 namizədin apelyasiya şikayəti təmin olunmayıb. Apellyasiya şikayəti təmin olunan namizədlərdən 7-si iddia etdiyi vəzifəyə uyğun hesab edilib. Apellyasiya şikayəti təmin olunan namizədlərdən 2-si ilə yeni müsahibə təşkil edilib. Yeni müsahibə nəticəsində namizədlər iddia etdikləri vakant vəzifələrə uyğun bilinib.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2008-ci il 7 fevral tarixli 08 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsahibənin keçirilməsi Qaydaları”nın 15-ci bəndinə uyğun olaraq müsahibə qrupunun üzvü namizədi bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və müvafiq vəzifə üçün zəruri olan digər keyfiyyətlər üzrə beşballı qiymət sistemi üzrə qiymətləndirir. Müsabiqənin müsahibə mərhələsində müsahibə qrupunun üzvlərinin namizəd barəsində verdiyi ümumi ballar arasında əhəmiyyətli fərq (4 və daha çox bal) olduqda və ya müsahibənin keçirilməsi zamanı obyektivlik və şəffaflıq prinsipləri pozulduqda Komissiyanın sədri tərəfindən müsahibənin nəticəsi ləğv edilə bilər. Qaydaların bu tələbinə uyğun olaraq 2 müsahibənin nəticələrinin qiymətləndirilməsi zamanı müsahibə qrupu üzvlərinin verdiyi ballarda əhəmiyyətli fərq yarandığından müsahibənin nəticəsi ləğv edilib və yeni müsahibə keçirilib. Yeni müsahibə nəticəsində hər iki namizəd iddia etdiyi vakant vəzifəyə uyğun bilinib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal