Aprelin 3-də Kür Sutəmizləyici Qurğular Kompleksindən Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrlik, yüksək təzyiqli magistral su kəmərinin Biləcəri qəsəbəsi 3-cü yaşayış massivi X.Məlikaslanov küçəsi 19 ünvanından keçən hissəsində qəza baş verib. “Azərsu” ASC-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, su sızıntısı qəsəbə sakini İlqar Şirinova məxsus fərdi yaşayış evinin altında yaranıb.
Qəzanın nəticələrini aradan qaldırmaq məqsədi ilə “Azərsu” ASC-nin, yerli icra hakimiyyəti və bələdiyyə qurumlarının əməkdaşları əraziyə baxış keçirib. İlkin baxış zamanı məlum olub ki, İ.Şirinova məxsus yaşayış evi 2000-ci illərin ortalarında 1200 mm diametrlik, yüksək təzyiqli magistral su kəmərinin üzərində qeyri-qanuni inşa edilmiş və heç bir hüquqi sənədi yoxdur. Qəzanın fəsadlarının aradan qaldırılması üçün İ.Şirinova məxsus evin mətbəxinin döşəməsi sökülüb və bundan sonra borunun qəzalı yeri müəyyənləşdirilib. Magistral kəmərin üzərində qeyri-qanuni tikilmiş fərdi yaşayış evi qəzanın aradan qaldırılmasına çətinlik törədir.