Modern.az

Hacıbala Abutalıbovun işçisi həbs edilib

Hacıbala Abutalıbovun işçisi həbs edilib

Təhsil

4 Aprel 2012, 20:17

Baş Prokurorluq Bakı şəhəri İcra Hakimiyyətinin Ticarət və Xidmət departamentinin əməkdaşının cinayət əməlinı dair məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət departamentinin məsləhətçisi İsmayılov Hüseyn İsmayıl oğlunun alkoqollu içkilərin və tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə tərtib olunmuş protokola əsasən inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması və müvafiq lisenziyanın ləğv edilməməsi üçün ondan rüşvət tələb etdiyini bildirib.

Aprelin 3-də idarənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Hüseyn İsmayılov həmin şəxsdən 300 manatı rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.

İsmayılovun üzərinə baxış keçirilərkən müxtəlif ticarət obyektlərinin adı göstərilən və qarşısında müəyyən məbləğlərdə pul vəsaitləri yazılmış qeydiyyat vərəqələri aşkar edilərək götürülüb.

Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəminin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu