Modern.az

REAL Hərəkatı: “Hakimiyyət siyasi partiyalar üzərində nəzarət imkanı qazanacaq”

REAL Hərəkatı: “Hakimiyyət siyasi partiyalar üzərində nəzarət imkanı qazanacaq”

5 Aprel 2012, 17:26

Respublikaçı Alternativ (REAL) Hərəkatı “Siyasi partiyalar haqqında” qanuna iqtidarın təklif etdiyi dəyişikləri siyasi münasibətlərin ədalətli və səmərəli tənzimləməsi kimi qəbul etmir.
Qurumdan Modern.az-a verilən açıqlamada deyilir ki, qəbul ediləcəyi tədqirdə, iqtidarın subyektiv maraqlarına xidmət edən bu dəyişikliklər, siyasi partiyalar üzərində hakimiyyətin lazımsız nəzarət və təzyiq imkanlarını xeyli dərəcədə artıraraq bir sıra mənfi nəticələri doğuracaq, o cümlədən:

- Təsis və dövlət qeydiyyatı fəaliyyətləri istisna olmaqla, dövlət
qeydiyyatından keçməmiş siyasi partiya adından ictimaiyyət arasında çıxış etmə və fəaliyyət göstərmənin, yaxud onun fəaliyyətində və ya fəaliyyətinin təşkil olunmasında iştirak etmənin qadağan olunması dövlət qeydiyyatına alınmayan siyasi fəaliyyətin yasaqlanması, beləliklə də ifadə azadlığının
boğulması anlamına gəlir;

- Siyasi partiya üzvləinin minimal sayının 1000 nəfərdən 5000 nəfərədək artırılması siyasi partiyaların yaradılma imkanlarını milli inkişaf maraqlarına ziyanlı dərəcədə çətinləşdirəcək;

- Müvafiq icra orqanına ildə bir dəfə maliyyə hesabatları təqdim etmə, eyni zamanda müvafiq icra orqanına ildə bir dəfə üzvlərin sayı, daimi fəaliyyət göstərən rəhbər strukturların qərargahının ünvanı və  telefon nömrələri barədə məlumat təqdim etməyə dair tələblər siyasi partiyaların fəaliyyətinə dövlət orqanlarının yersiz və təqib xarakterli müdaxilələrini artıracaq.

- Siyasi partiyanın buraxılması, siyasi partiyanın fəaliyyətinin
dondurulması və siyasi partiyaya xəbərdarlıqla bağlı dəyişikliklər dövlət orqanlarının siyasi partiyaların fəaliyyətinə qərəzli müdaxilələrə geniş imkanlar yaratmaqla iqtidarın siyasi alternativlərini  sıxışdırmağa və siyasi meydandan çıxarmağa imkan verəcək;

- Dövlət büdcəsindən ayrılan vəsaitin siyasi partiyaların parlamentdə təmsilçiliyi əsasında qeyri-bərabər bölgüsü azad seçkilərin keçirilmədiyi indiki mərhələdə  hakim partiyanın maliyyə resurslarının  və  siyasi monopoliyasının daha da güclənməsinə zəmin yaradacaq;

- Dövlət orqanları qərarlarının hazırlanmasına, dövlət qurumlarının və rəsmilərinin fəaliyyətinə təsir göstərmə ilə bağlı indiki qaydaların iqtidarın xeyrinə dəyişdirilməsi siyasi partiyaların hakimiyyətin siyasətinə təsir imkanlarını azaldacaq.

”Bu kimi digər dəyişikliklər nəticə etibarı ilə onsuz da boğucu olan siyasi rəqabət mühitini xeyli dərəcədə məhdudlaşdıracaq və toplumda birləşib milli maraqlar naminə iş görmək həvəsinə, siyasi müxtəlifliyə ciddi zərbə vuracaq”-dey Hərəkat bəyan edib.

REAL hesab edir ki, Avropa Şurası Venesiya Komissiyasının da mənfi rəyini almış bu dəyişikliklər demokratik prinsiplərlə bir araya sığmır və onun hazırkı variantda qəbulu məqbul sayıla bilməz.  REAL siyasi iqtidara və bütün siyasi qurumlara müraciət edərək, gerçəklikdən və təməl demokratik prinsiplərdən doğan yeni təkliflərin hazırlanması prosesinə  başlanmasına çağırır, bu prosesdə fəal iştiraka hazır olduğunu bildirir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal