Modern.az

Hesablama Palatası cəzalandırılan məmurların sayını açıqlayıb

Hesablama Palatası cəzalandırılan məmurların sayını açıqlayıb

5 Aprel 2012, 17:42

2011-ci ildə Hesablama Palatası tərəfindən həyata keçirilmiş maliyyə-büdcə nəzarəti tədbirlərinin yekununda 1 milyon 070 min manat məbləğində vəsaitin dövlət büdcəsinə bərpası  təmin edilib, o cümlədən artıq ödənilmiş vəsaitlər üzrə 616,9 min manat məbləğində vəsait  nağd qaydada aidiyyəti qurumların  müvafiq kassa  və ya bank  yaxud xəzinə hesablarına bərpa edilib, qanunvericiliyin  tələbləri pozulmaqla  əssasız ödənişlər üzrə 293,4 min manat köçürmə yolu ilə  dövlət büdcəsinə ödənilib.

Modern.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi 2011-ci ilin hesabat sənədində bildirlib.
Sənəddə qeyd edilib ki, ötən il keyfiyyətsiz yerinə yetirilmiş və ya süni surətdə  dəyəri artırılmış iş və xidmətlərin müqabilində 699,1 min manat məbləğində əlavə işlərin və xidmətlərin görülməsi təmin olunub ki, bu da layihə-smeta sənədlərində  nəzərdə tutulmuş təmir-bərpa və yenidənqurma işlərinin tam həcmdə yerinə yetirilməsinə imkan verib.

Hesabat ilində 573 min manat məbləğində çatışmayan müqavilə öhdəliklərinin  yerinə yetirilməsi təmin olunmayan  inventar və avadanlıqların, dərman vasitələrinin müqqəsir şəxslərin  vəsaitləri hesabına alınmaqla büdcə təşkilatlarına təhvil verilib, habelə uçotdan  kənarda qalmış 810,3 min manat məbləğində əsas  vəsaitlərin və 910,5 min manat məbləğində mal-materialların, iş və xidmətlərin  uçota alınması, əssasız olaraq balans dəyəri artırılmış 39,9 min manat məbləğində əsas vəsaitlərin balans dəyərinin  azaldılması  təmin olunub. Mal, iş və xidmət alışı olmadan qabaqcadan aparılan ödənişlər hesabına yaradılmış 512,9  min manat məbləğində debitor borcun uçota götürülməsi, 1192,5 min manat məbləğində debitor borcun ləğv edilməsi və 11851,1 min manat  məbləğində debitor borcun bağlanması  audit tədbirləri  nəticəsində təmin edilib.

Bunlarla bərabər, hesabat  ilində Hesablama Palatasının nəzarət tədbirləri nəticəsində 336,5 ştat vahidi, 147 qrup və ya sinif ləğv edilib, başqa sözlə  nəzarət tədbirləri  nəticəsində xeyli miqdarda vəsaitin  qanunvericiliyin tələblərinə zidd olaraq xərcə yönəldilməsinin qarşısını qabaqcadan almaq mümkün olub.

Bundan başqa, dövlət büdcəsinə böyük məbləğlərdə borcu olan vergi ödəyicilərinin 2 vergi ödəyicisi barədə Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi  başlanılıb, habelə Hesablama Palatası Baş Prokurorluqla birgə sosial müdafiə sahəsində iki yoxlama tədbiri  həyata keçirib.

Palata hesabat ilində audit tədbirləri nəticəsində aşkar edilmiş nöqsan  və çatışmazlıqlara  yol verən dövlət orqanlarının məsul şəxsləri barəsində aidiyyəti orqanlar tərəfindən  ciddi intizam tənbehi  tədbirlərinin görülməsinə də nail olub. Belə ki, 25 nəfər (2 idarə və ya təşkilatın rəhbəri, 2 şöbə müdiri, 4 baş mühasib, 17 işçi ) işdən azad edilib, 7 nəfərə (2 şöbə müdiri, 2 baş mühasib və 3 işçi) şiddətli töhmət, 43 nəfərə (4 idarə və ya  təşkilatın rəhbəri, 4 idarə və ya təşkilat rəhbərinin müavini, 5 şöbə müdiri, 6 sektor müdiri, 16 baş mühasib və 8 işçi) töhmət verilıb, 46 nəfərə (9 idarə və ya təşkilat rəhbəri, 3 idarə və ya təşkilat rəhbərinin müavini, 13 şöbə müdiri, 2 müdir müavini, 4 sektor müdiri, 6 baş mühasib və 9 işçi) xəbərdarlıq edilib, 1 nəfər (sektor müdiri) aşağı vəzifəyə keçirilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal