Aprelin 5-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə «Yerli icra hakimiyyəti oraqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi» mövzusunda konfrans keçirilib. Tədbirdə Qaradağ rayonunun, onun idarə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin 200-dək nümayəndəsi, eləcə də respublikanın 40-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında Fondun 3 illik fəaliyyətindən söz açaraq bildirib ki, ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin yaradıcılığının stimullaşdırılmasına, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr icra edib. Vüqar Səfərli vurğulayıb ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilib. O bildirib ki, belə tədbirlər mətbuat nümayəndələri ilə yerli icra strukturlarının əməkdaşları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov məruzəsində ölkə mətbuatının hazırkı mənzərəsinə nəzər salıb, habelə bu sahədə mövcud problemlərə toxunub, KİVDF-nin yaradılmasını ölkə mediasının problemlərinin həllində və inkişafında keyfiyyətcə yeni mərhələ kimi dəyərləndirib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov öz növbəsində Fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyətini xüsusi qeyd edib. O vurğulamışdır ki, rəhbərlik etdiyi rayon ölkədəki dinamik sosial-iqtisadi inkişaf və abadlıq-quruculuq işlərini öz nümunəsində qabarıq şəkildə əks etdirir. İcra başçısı Qaradağ rayonunun 11 qəsəbəsində mühüm sosial infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayıb. Süleyman Mikayılov eyni zamanda, hazırda Qaradağ rayonunda ölkə əhəmiyyətli Beynəlxalq Dəniz Limanının, Gəmiqayırma zavodunun, yeni sement zavodunun inşa olunduğunu, yolların əsaslı təmir edildiyini, işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qaldırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rayonda müəyyən problemlərin də mövcudluğunu səmimi qeyd edən icra başçısı ölkə jurnalistlərini bu problemlərin işıqlandırılması zamanı obyektiv və qərəzsiz olmağa, həqiqəti yazmağa çağırıb.
Daha sonra dialoq və diskussiya şəraitində davam edən tədbirdə qarşılıqlı maraq doğuran məsələlərə aydinlıq gətirilib.


Modern.az