Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Fuad Muradov və Ceyhun Osmanlı bu gündən Macarıstanın paytaxtı Budapeştdə səfərdədirlər.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 8-dək davam edəcək tədbirdə deputatlar xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin Beynəlxalq Forumunda (ASAİF) iştirak edəcəklər. “Mən gənc səfirəm” adı altında təşkil olunmuş tədbirə Azərbaycanın və Macarıstanın dövlət, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılacaqlar.
Forumda “Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər”, “Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu”, “Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları”, “Sosial şəbəkələr və KİV-in gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasındakı rolu” mövzularında müzakirələr aparılacaq.
Modern.az