AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun Bakıda keçirilən ikinci sessiyasının yekunları barədə danışıb.
Modern.az-ın məlumatına görə, E.Süleymanov deyib ki, hələ 2011-ci ilin sentyabr ayında Fransanın Strasburq şəhərində Avronest Parlament Assambleyasının ilk plenar sessiyasında növbəti sessiyanın Azərbaycanın paytaxtı Bakıda keçirilməsi barədə qərar verildi. Bununla da Azərbaycan nümayəndə heyəti Avronest Parlament Assambleyasının Avropa İttifaqından kənarda keçiriləcək birinci plenar sessiyasına Azərbaycanın ev sahibliyi etməsi məsələsində uğur qazandı.
“Bu siyasi tapşırığı uğurla başa vurmaq məsuliyyəti böyük idi, həm Avropa, həm də Şərq Tərəfdaşlığı ölkələrində ictimai fikrin gözləntiləri bundan da böyük idi. Azərbaycan Nümayəndə heyəti mühüm siyasi nəticələri hədəf götürən və eyni zamanda, qonaqlarına yüksək qonaqpərvərlik və ölkənin çiçəklənən iqtisadi və sosial inkişafına şahid olmaq imkanı təklif edən yeni istiqamət müəyyən etmək iddiasını gizlətmirdi”.
E.Süleymanovun fikrincə, siyasi hədəflərə nail olundu, belə ki, bütün komitələrdə bütün qətnamələr qəbul edildi.
”2011-ci ildə Strasburq sessiyasından sonra qəti siyasi maneələr qalırdı, lakin Bakıda keçirilən sessiyada Avropa İttifaqına 15 üzv dövlətlə birgə, 168 iştirakçı güclü və rəsmi qərarlar qəbul etmək üçün zəruri stimulu tapdılar. Bu isə davamlı Şərq-Qərb əməkdaşlığında irəliyə doğru mühüm addımlar atıldığını göstərir”.
Deputat deyib ki, sessiyanın ilk günü, bazar ertəsi aprelin 2-də, iştirakçıların böyük razılığı ilə, bütün Komitə iclasları qətnamə layihəsinin qəbul edilməsi ilə nəticələndi.
“Prosedur Qaydaları üzrə İşçi Qrupunda Azərbaycan nümayəndə heyətinin xüsusi müraciəti əsasında 16-cı maddənin 5-ci hissəsi silindi. Bu maddə istənilən Şərqi Avropa Tərəfdaşına “ölkəsinin mühüm marağına qarşı” qəbul ediləcək istənilən qərara de-fakto vetonu təmin edirdi. Bütün əvvəlki iclaslarda Ermənistan nümayəndə heyəti siyasi məsələnin həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğu hər vəziyyətdə bu maddədən sui-istifadə edirdi. Bakıda işçi qrupunun qərarı sayəsində Dağlıq Qarabağ mövzusu artıq tabu deyildi, lakin zəruri hallarda nəzərdən keçiriləcək və müzakirə ediləcəkdi.
Şübhəsiz, bu nəticə Azərbaycan üçün irəliyə doğru böyük addım idi.
Digər maddələr də yenidən nəzərdən keçirilməli idi və Bakıda işçi qrupun mandatının daha bir il uzadılmasına qərar verildi”.
E.Süleymanovun sözlərinə görə, Belarus üzrə işçi qrupunda mühüm qərar qəbul edilin ki, bu da Avronest PA-da Belarusun tam heyətlə iştirakı tam üzvlük bir fakt olanadək davam edəcək. İşçi qrupuna əsasən, şərtlər bu mərhələdə həyata keçirilmir, lakin məsələyə baxılma qərarının davam etdirilməsi Şərqi Avropa Tərəfdaşları qrupunun altıncı üzv ölkəyə Bakı tərəfdən mühüm müsbət ismarıcını verir.
“İqtisadi İnteqrasiya Komitəsi öz qətnaməsini qəbul etdi və 2012-ci ilin payızında Qəbələdə seminar və ya konfrans təşkil edilməsi təklif olundu.
Enerji Təhlükəsizliyi Komitəsində qəbul edilmiş qətnamə təchizat və davamlılıq təhlükəzisliyini vurğulayaraq, Aİ və Şərqi Avropa Tərəfdaşları arasında enerji təhlükəsizliyi üzrə dialoqu dəstəkləməyi və gücləndirməyi tövsiyə edir.
Azərbaycanın millət vəkili Fuad Muradov 2012-ci ilin sonunda Brüsseldə beynəlxalq ekspertlər və mühəndislərin iştirakı ilə enerji sahəsində yeniliklər barədə seminarın təşkil edilməsini təklif etdi. Bu təklif isti qarşılandı, çünki bu, Azərbaycan tərəfinin Aİ həmkarları ilə bu sahədə təcrübə və biliklərini bölüşməyə hazır olmasını sübut edir”.
Sessiyanın yekunları barədə danışan deputat deyir ki, birinci gün Avronest Parlament Assambleyasının həmsədrləri və Büro üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident İqamətgahında qəbul edildilər. Görüş bir sıra suallar, cavablar və təkliflərlə çox konstruktiv və obyektiv və açıq fikir mübadiləsi şəraitində keçib. İştirakçılar Prezidentin Avronest PA-nın işinə və məqsədinə göstərdiyi marağı yüksək qiymətləndirib və bu beynəlxalq tədbirə mükəmməl ev sahibliyi edildiyinə görə minnətdarlıqlarını bildirdilər.
“Elə həmin gün həmsədrləri Milli Məclisin sədri Oqtay Əsədov da qəbul etdi.
Ən yaddaqalan məqam, əlbəttə ki, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Komitəsinin iclasında qətnaməyə dair müzakirədə Azərbaycanın 15 QHT-nin fəal iştirakı olmuşdur. Komitə üzvləri Azərbaycan Nümayəndə heyətinin vətəndaş cəmiyyəti təşkilatlarına göstərdiyi diqqəti müsbət dəyərləndirmişdir. Onlar həmçinin Azərbaycanın Sosial Məsələlər Komitəsinin 2013-cü il iclasının Bakıda keçirilməsi ilə bağlı təklifini yaxşı qarşılamışlar.
Plenar sessiya çərşənbə axşamı 3 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müraciəti ilə açılmışdır. Prezident öz çıxışında digər mühüm siyasi mövzularla yanaşı, Azərbaycan cəmiyyətinin özülünü təşkil edən dini və etnik tolerantlığın əhəmiyyətini də vurğulamışdır. O, bir daha Aİ ilə əməkdaşlığın gücləndirilməsinə olan marağını və Avronest PA ilə bağlı icra edilmiş bütün işlərə dair razılığını ifadə etmişdir. Gurultulu alqışlar onun sözlərinin Parlament Assambleyası tərəfindən isti qarşılandığını əks etdirmişdir.
Avropa Parlamentinin hər iki vitse-prezidentinin iştirakı ilə Avropa Parlamentinin Prezidenti cənab Martin Şulz video ismarışla iştirakçılara müraciət etmişdir.
Plenar sessiyanın açılışında sonuncu çıxışçı Avropa Genişləndirmə və Qonşuluq Siyasəti üzrə Komissar cənab Ştefan Füle oldu: “Azərbaycan son 20 ildə uzun yol keçmişdir. Sonuncu dəfə 2010-cu ildə Bakıya səfərimdən sonra da uzun bir yol qət etmişdir. Dünyəvilik və tolerantlıq modeli olan ölkə öz infrastrukturunu yeniləyərək və iqtisadi şaxələndirmə proseslərinə cəlb olunaraq, güclü iqtisadiyyat qurmuşdur. İnanıram ki, bu gün Bakının Brüsseldən kənarda ilk Avronest sessiyasına ev sahibliyi etməsi təsadüf deyil və tezliklə “Eurovision” mahnı müsabiqəsinə də ev sahibliyi edəcək”.
E.Süleymanov deyib ki, plenar sessiyanın bağlanışında Azərbaycan nümayəndə heyətinin adından Assambleyanın həmsədrlərinə xatirə hədiyyəsi təqdim edilib. “Azərbaycan xalçası üzərində toxunmuş Avropa İttifaqının bayrağı Avropa İttifaqı və Şərqi Avropa Tərəfdaşları arasında güclü dostluq əlaqələri və səmimi əməkdaşlığın yüksək səviyyədə olmasının rəmzi kimi, Avropada Şərq-Qərb əməkdaşlığı tarixinə öz möhürünü vuraraq, Bakıda bu beynəlxalq tədbirin tam uğurunu ifadə edirdi”.
Modern.az