Halbuki 2012-ci ilə kimi çay plantasiyalarının yaradılması və bu prosesinin tam başa çatdırılması nəzərdə tutulmuşdu
Milli Məclisdə Hesablama Palatasının hesabatı zamanı deputat Elmira Axundova qeyd edib ki, bu qurumun əsas vəzifələrindən biri də dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etməkdir. O, bildirib ki, bunu Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş təklif və tövsiyyələrdə görmək mümkündür: “Mənim diqqətimi cəlb edən məsələlər büdcə vəsaitlərindən nazirliklər tərəfindən bəzi hallarda səmərəsiz istifadə edilməsi, təhsil, səhiyyə, sosial-təminat və bu kimi digər müəssisələrin su, müxtəlif növ ərzaq məhsulları, geyimləri, inventar və avadanlıqlarla təchizat məsələlərində yol verilən israfçılıq, iş saatı ilə əlaqədar müxtəlif dövlət müəssisələrində və peşə kurslarında əlavə əmək haqqı xərclərinin olması və sairdir. Hesabatda göstərilən bu və digər nöqsanlar onu deməyə əsas verir ki, Hesablama Palatası bütün dövlət qurumlarının fəaliyyətini şəxsi münasibətləri nəzərə almadan tam obyektiv şəkildə yoxlayır, öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir”.
Deputat deyib ki, onu duşündürən düşündürən digər məsələ dövlət proqramlarının və regonların sosial-iqtisadi inkişaf layihələrinin vaxtında yerinə yetirilməməsi ilə bağlıdır: “Tək bir məsələni qeyd edim ki, bizim Masallı rayonu üzrə 2012-ci ilə kimi çay plantasiyalarının yaradılması və bu prosesinin tam başa çatdırılması nəzərdə tutulmuşdu. Amma Masallıda indiyə qədər bir dənə də olsun çay kolu əkilməyib.
Digər bir məsələ rayon kəndlərinin qazlaşdırılması məsələsi ilə bağlıdır. Qeyd edim ki, Masallıda 2011-ci ilin sonlarında qazlaşdırmanın başa çatdırılması planlaşdırılan bir sıra kəndlərdə hələ də qaz yoxdur.
Eyniliklə kənd məktəbləri ilə də vəziyyət eyni şəkildədir. Belə ki, tikintisi və təmiri plana salınan bəzi məktəblər sonradan plandan çıxarılmış, ya da növbəti illərə keçirilib. Hətta tikilmiş məktəblərin əksəriyyətində layihədə nəzərdə tutulsada, ya istilik sistemi ümumiyyətlə yoxdur, ya istilik sistemi yenilənməyib, ya da məktəbin qazlaşdırılması üçün teniki şərt almaqda çətinlik çəkilir. Bu da məktəblər üçün böyük bir problemdir.
Dövlət proqram və regonların sosial-iqtisadi inkişaf layihələrinin belə yubanma halları hökumətin həyata keçirdiyi böyük quruculuq işlərinin inkişaf dinamikasına mənfi təsir göstərir. Bu nöqsanları aradan qaldırmaq üçün Hesablama Palatası tərəfindən həmin proqram və layihələrə ayrılan vəsaitlərin daha səmərəli istifadəsinə nəzarətin bir qədər də artırılmasının zəruri olduğunu düşünürəm”.
Modern.az