Modern.az

Xoşbəxtlər cərgəsində 116-cı bədbəxt...

Xoşbəxtlər cərgəsində 116-cı bədbəxt...

6 Aprel 2012, 18:06

Bürclərin təsnifatlandırılmasından və astroloji proqnozlordan zəhləm gedir. Odur ki, heç vaxt qəzetlərin 16- cı səhifəsindəki ulduz fallarını oxumaram. Hər zaman daşlaşmış qənaətim bu olub ki, ömürü də, taleyi də verən Allahdır və Rəbbimdən savayı kimsə məni irəlidə nə gözlədiyini bilməz. Bu cür öncəgörənləri də mən şarlatanlardan ayırmaram və əlimdə əlacım olsa onların falına öz bildiyim kimi baxaram...

Ancaq Ucadan Uca Allahın verdiyi ömrü necə yaşamaq məsələsində düşüncəm budur ki, insan oğlunun xoşbəxtliklə bədbəxtlik arasındakı sərhədləri müəyyənləşdirmək məsələsi öz əlindədir. Əlbəttə, elə səbəblər də var ki, sən nə illah eləsən də bədbəxtlik səni təqib edir, xoşbəxtlər cərgəsində yer tutmaqda zamana uduzursan. Vay o gündən ki, sənin bir fərd olaraq xoşbəxtlər cərgəsində özünə yer tutmamağın azmış kimi vətəndaşı olduğun məmləkət də bir toplum olaraq bədbəxtlik kriteriyalarından çıxa bilməyə. Elə götürək iki gün öncə BMT- nin təşkilatçılığıyla açıqlanan dünyanın xoşbəxt ölkələrinin yeni reytinqini-“Dünya xoşbəxtliyi haqqında hesabat”ı. Bu siyahıda anoloqu olmayan ölkəmiz 116-cı yerdə şellənir. Yəni bir dövlət və millət olaraq yalnız bəzi geridə qalmış Afrika ölkələrinin əncir yarpağı geyinən zavallılarından, hələ də meşələrdə yaşayaraq çiy ətlə qidalanan hindu qəbilələrindən öndəymişik, xəbərimiz yox. Bilməyənlərə ərz edim ki, həmin reytinq siyahısında ölkə əhalisinin xoşbəxtliyi siyasi azadlıqların, əhalinin sosial müdafiəsi sisteminin, eləcə də korrupsiyanın səviyyəsi meyarları üzrə müəyyən edilir.

 Sizi bilmirəm, mənciyəz büsbütün bədbin ovqatın məngənəsində cabalayıram və ehtimallarım odur ki, biz heç zaman millət və dövlət olaraq xoşbəxt ola bilməyəcəyik. Çünki buralarda xoşbəxtliklə bədbəxtliyin sərhədləri çoxdan itib. Xoşbəxt bədbəxt olduğunun fərqində deyil, bədbəxt də başqa bədbəxtlərin ondan bədbəxt gündə olduğunu bilmir. Birisinin varlanmaq və çalıb- çapmaq ehtirası gözlərini elə örtüb ki, harınladıca, bank hesabları şişdikcə, daşınar- daşınmaz əmlakının sayı çoxaldıqca elə bilir ki, bu dünyada ondan xoşbəxt yoxdur və Zeynəb Xanlarovanın məhşur mahnısında deyildiyi kimi özünü xoşbəxtlərin xoşbəxti sanır. Ancaq bu zavallı düşünmür ki, o sabahın potensial qurbanlığı və bədbəxtlərin bədbəxti ola bilər. Yaxud başqa bir vətəndaş səhərdən axşamadək miskin taleyinə lənətlər yağdırır və Allahdan bir ucuz ölüm istəyir. Bu zavallı da anlamaq istəmir ki, dünənin milyonçusu bu gün həbsxana divarları arasında, yaxud mühacirətdə və ya ev dustaqlığında həmin bədbəxt qədər xoşbəxtliyə möhtacdır. Bir sözlə, “Bəxt üzüyü”ndə şairciyəz Moşu Göyəzənli “xoşbaxlıx”a qafiyə tapa bilmədiyi kimi, bu gün bütün cəmiyyətimiz də bu “andır”ın açarını tapmaqda açizdir. Əslində bunu tapmaq o qədər də qəliz məsələ deyil və heç o qədər baş işlətməyə də gərək yox. Sadəcə biz xoşbəxtliyin açarın o vaxt tapa biləcəyik ki, ilk növbədə öz itmiş açarımızı tapaq. Bəli, əslində anoloqsuzluğumuz ondadır ki, biz xoşbəxtliyə açılan qapılarımızı öz əllərimizlə bağlayıb açarlarını da gedərgəlməzə tullamışıq ki, onu bizdən savayı heç kim tapa bilməsin. Ancaq bu zaman anlamamışıq ki, özümüz də xoşbəxtlik axtararkən bədbəxtliyə gedən yolda növbəyə dayanmışıq...

Mən millətimizə nə səbr, nə də əsrlər boyu tamarzı olduğu xoşbəxtlik arzulamıram, çünki bir şeyə əminəm, Sabir demişkən, yerlə göy yerini dəyişə, çaylar tərsinə axa, biz düzələn zad deyilik.Düzəlməyimiz üçün gərək bu günün xoşbəxt məmləkətlərindən yeni insan sortları gətirək, bəlkə o zaman siyahıdakı yerimiz dəyişə...

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal