Azərbaycanın Serbiyadakı səfirliyində “Serbiya Koridorları d.o.o.” şirkəti və “AzVirt” MMC arasında bu ölkədə həyata keçirilən iri infrastruktur layihələrindən olan “11-ci dəhliz” avtomagistralının (Belqrad–Cənubi Adriatik) Lyiq-Prelyina sahəsinin tikintisi üzrə müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.
Səfirlikdən AzərTAc-a bildiriblər ki, Serbiya Demokratik Partiyasının sədri, bu günlərdə prezident vəzifəsindən istefa vermiş Boris Tadiçin, infrastruktur və energetika naziri Milutin Mrkoniçin, xarici işlər naziri Vuk Yeremiçin, əmək və sosial siyasət naziri Rasim Lyayiçin, dövlət və hökumət qurumlarının üzvlərinin qatıldıqları imzalanma mərasimində yerli ictimaiyyətin nümayəndələri, ziyalılar, iş adamları, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, burada yaşayan və təhsil alan azərbaycanlılar, KİV-lərin təmsilçiləri iştirak ediblər.
Müqaviləni “Serbiya Koridorları d.o.o.” şirkətinin direktoru Mixail Mişiç, “AzVirt” şirkətinin direktoru Kamil Əliyev və “AzVirt Ogranak (Belqrad)” şirkətinin direktoru İsa Akbulut imzalyıblar.
İmzalanma mərasimindən sonra çıxış edən Azərbaycanın Serbiyadakı səfiri E.Həsənov ölkələrimiz arasındakı münasibətlərdə qısa müddət ərzində əsaslı dönüşün baş verdiyini, son illərdə sürətlə inkişaf edən əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini fərəhli hal kimi qiymətləndirib. Diplomat Azərbaycan və Serbiya prezidentlərinin qarşılıqlı səfərlərinin uğurla inkişaf edən əlaqələrimizin dərinləşməsi üçün geniş imkanlar yaratdığını vurğulayıb.
Son dövrlərdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini, ticarət dövriyyəsinin getdikcə artdığını və qarşılıqlı sərmayə qoyuluşlarının intensiv xarakter aldığını diqqətə çatdıran E.Həsənov Azərbaycan-Serbiya əməkdaşlığının bu səviyyəyə yüksəlməsində dövlətlərimizin başçıları arasında mövcud olan şəxsi dostluğun rolunu xüsusi vurğulayıb.
Serbiyanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirən Boris Tadiç son illərdə ölkələrimiz arasında münasibətlərdə müşahidə edilən dinamikliyin bunun bariz nümunəsi olduğunu qeyd edib.
Prezident İlham Əliyev ilə görüşlərini məmnuniyyətlə xatırladan Boris Tadiç yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb, ölkəmizin iş adamlarını Serbiya iqtisadiyyatına sərmayə qoymağa çağırıb.
“AzVirt” şirkətinin direktoru Kamil Əliyev müqavilənin imzalanmasını Azərbaycan və Serbiya arasında iqtisadi sahədə əməkdaşlığın inkişafının bariz göstəricisi olduğunu bildirib. K.Əliyev qarşıya qoyulan işlərin keyfiyyətlə və vaxtında yerinə yetirməklə təmsil etdiyi şirkətin iki xalq arasında yaranmış mehriban dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyini bildirib.
Bu imzalanma mərasiminə Serbiya və Qərbi Balkan regionu ölkələrinin mətbuatında geniş yer verilib.
Modern.az