Qazax rayonunda Azərbaycanla Gücrcüstan sərhədində yerləşən “Qırmızı körpü”nün bərpası işləri aparılır. Bu barədə məlumatı Qazax Mədəniyyət və Turizm Şöbəsinin rəisi Valeh Vəliyev verib. O bildirib ki, bərpa işləri ilə Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri məşğul olurlar. Onlar abidənin süxurlarını götürüb tədqiq edirlər. Artıq bir aya yaxındır ki, işlər davam edir. Bu həftənin sonlarına doğru yenə mütəxəssislər sözügedən tarixi abidə ilə bağlı rayona gələcəklər deyə müsabimiz bildirib. V.Vəliyev bildirib ki, abidə Gürcüstanla sərhəddə yerləşdiyi üçün bəzi həlli vacib məsələrə var. Belə ki, abidənin restavrasiyasına qonşu ölkənin də cəlb olunub-olunmayacağı hələlik aydın deyil.
“Qırmızı Körpü” (Sınıq körpü) Ehram çayı üzərində yerləşir. Azərbaycanın orta əsrə aid olan nadir memarlıq incilərindən biridir. Xüsusi ad onun tikintisində istifadə edilən qırmızı daşa görə verilib. Körpü 4 aşırımlı olmaqla uzunluğu 175 m-ə yaxındır. Qeyd edək ki, təxminən 4 ilə yaxındır ki, sözügedən tarixi abidə qəzalı vəziyyətdədir. Hazıda körpüdən keçid kimi istifadə olunmur.