Modern.az

Hər gün Maliyyə Nazirliyinə 1000-dək əmanətçi müraciət edir

Hər gün Maliyyə Nazirliyinə 1000-dək əmanətçi müraciət edir

10 Aprel 2012, 17:51

Fərdi, birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış “qaynar xətt”ə gün ərzində 1000-dən çox müraciət olur. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev deyib. Onun sözlərinə görə, “qaynar xətt” martın 16-dan etibarən fəaliyyətə başlayıb bu günə kimi daxil olan müraciətlər əsasən əmanətlərin qalığına görə birdəfəlik ödəmələrin hesablanma qaydası, itmiş və ya yararsız hala düşmüş əmanət kitabçaları, o cümlədən vəfat etmiş əmanətçilərin vərəsə ödəmələrinin hansı formada veriləcəyi ilə bağlıdır:

“Məsələn, vəfat etmiş əmanətçilərin ödəmələri bu yolla veriləcək. Həmin vətəndaşlar notariusa müraciət etməli və notarius birinci dərəcəli vərəsəni müəyyən etməli və ona müvafiq vərəsəlik şəhadətnaməsi verilməlidir. Daha sonra isə həmin əmanətçilər müvafiq sənədlərlə yanaşı, şəxsiyyət vəsiqəsi ilə “Kapitalbank”a müraciət edib birdəfəlik ödəmələri ala bilərlər. Bu kimi müraciətlər operativ şəkildə  cavablandırılır və onlara izah olunur ki, həmin əmanətlər necə alınacaq. Bunula yanaşı, texniki məsələlərlə bağlı müraciətlər də olunur”.  

Maliyyə Nazirliyinin rəsmisi onu da bildirib ki, fərdi və birdəfəlik ödəmələrin verilməsilə bağlı hər hansı mərhələ müəyyənləşdirilməyib: “Hər hansısa yaş kateqoriyasının və ya pensiyaçıların ödəmələri birinci alacağı barədə hec bir göstəriş olmayıb. Yəni ödəmələr yalnız müraciətlər əsasında veriləcək”. 

Qeyd edək ki, ödəmələrin alınması hüququndan istifadə etmək üçün iyun ayının 1-dən 2012-ci ilin dekabr ayının 30-na  qədər müraciət etmək lazımdır. Aprelin 4-də Baş nazir Artur Rasizadənin imzaladığı qərarla sovet dövründən qalan əmanətlərin Azərbaycan vətəndaşlarına qaytarılmasını təmin etmək məqsədilə xüsusi komissya yaradılıb.
Komissiyanın sədri  Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyevdir.

Gültəkin Ələsgər
 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu