Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri
Çağrılmayan qonaq sayılan telekanalların evlərə gətirdiyi bu seriallarla bağlı narahatçılıq əslində çoxdan başlayıb. Həqiqətən belə əcnəbi filmlər bəzi insanların həyatlarının ayrılmaz hissəsinə çevrilib. Bu tək evdar qadınlarla və yaxud yaşlı insanlarla bitmir. Bu xəstəliyə kişili-qadınlı, qocalı-cavanlı çoxları tutulub. Hətta bəzi novcavanların dünya görüşünə, əxlaqına, davranışına qədər bu teleseriallar təsir göstərir.
Başa düşmək olar Azərbaycanın teleməkanında belə əcnəbi filmlərin yayımlanmaması mümkünsüzdür. Çünki Azərbaycanda milli serialın uğurlu çəkilişi, geniş satışı və ciddi reytinq qazanmasına təəssüf ki, hələ yoxdur. Məhz bu boşluğun nəticəsidir ki, bir zamanlar Cənubi Amerika, son dövrlər isə Türkiyə və Hindistan filmləri Azərbaycanının teleməkanını tamamilə zəbt edib. Əcnəbi teleserialların, ümumilikdə, filmlərin bizim tv-lərdə nümayiş olunması faciəli hadisə deyil. Bəla burasındadır ki, bu acı bağırsaq kimi uzanan filmləri normal bir sənət nümunəsi kimi qəbul etmək çətindir. Bu filmlər yalnız ucuz olduğuna görə Azərbaycan bazarına çox asanlıqla daxil ola biliblər.
İndi telekanallara nə lazımdır? İlk baxışda hər şey normal görsənir. Azərbaycan dilinə tərcümə olunmuş seriallar var, auditoriya var, serialın nümayişi zamanı kifayət qədər reklam var. Belə demək mümkünsə onlar efiri doldurmaqla bərabər həm də reklamdan yaxşı qazanırlar. Burada itirən isə bilərəkdən və yaxud bilməyərəkdən həmin ucuz filmlərin aludəçisinə çevrilənlər olur. Bunun fəsadları artıq hiss olunmaqdadır.
Bəs onda nə etmək lazımdır? Azərbaycanın öz milli serialları yetərli deyil. Əcnəbilərin çəkdikləri də belə... Həqiqətən Azərbaycanın teleserialları çox bərbad gündədir. Sadəcə olaraq baxmaq olmur. Burada ssenaridən tutmuş aktyor seçiminə qədər bütün məqamlarda qeyri peşəkar yanaşma var. Böyük kino məktəbi keçən kadrlara rast gəlinmir. Aydın məsələdir ki, iqtisadi çətinliklərə görə bəzi istedadlı gənclər bu sənətdən uzaqlaşır. Yəni aldığı məvacıb aktyorun yaşaması, parlaması üçün sərfəli deyil. Ancaq bütün bunlar çox ciddi məsələ olsa da tamaşaçını maraqlandırmır. Tamaşaçını maraqlandıran yalnız tv-də nümayiş olunan son məhsuldur. Bu məhsul isə göz qabağındadır.
Onu da unutmaq olmaz ki, Azərbaycanın çox yaxşı milli kino ənənələri olub. Bu gün etiraf etməsək həmin filmlər böyük bir nəslin yetişməsində rol oynayıb. Yalnız birinin adını çəkmək kifayət edər. Dəyərli sənətkarımız Ramiz Əzizbəylinin çəkdiyi “Bəxt üzüyü” bədii filmi 20 ildən atrıqdır ki, nümayiş etdirilir. Tamaşaçı məmuniyyətlə hər dəfə bu filmə baxır. İndi çəkilən milli serialların təəssüf ki, yalnız birinci hissəsinə birtəhər baxmaq mümkün olur. İndi film çəkən şəxslər bu barədə düşünməlidirlər. Deməli, sanballı filmlər, seriallar ortalığa qoymaq lazımdır. Ona görədə bu işi peşəkarlara həvalə edilməlidir. Azərbaycanın kino iqtisadiyyatının formalaşmaması bu sahədə problemləri dərinləşdirir.
Kino sahəsində ssenari yazmaqdan, aktyor seçimindən tutmuş menecment, marketinq işinə qədər bütün bu məsələlər yenidən araşdırılmalıdır. Nəhayət kino iqtisadiyyatının formalaşması və inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Məlum məsələdir ki, kino istehsalına kifayət qədər vəsait lazımdır. Ötən il Azərbaycan prezidentinin sərəncamı ilə telekanallara film istehsalını dirçəltmək məqsədilə maddi vəsait ayrıldı. Təbii ki belə dəstək kino sahəsində müəyyən canlanma yaradır.
ANS tv-nin prezidenti Vahid Mustafayevin “Xoca” filmi, İctimai tv-nin çəkilişinə başladığı “Qaranlıqlar çiçəyi” filmini müsbət addım kimi qiymətləndirmək olar. Aydın məsələdir ki, tamaşaçının zövqü müxtəlifdir. Yəni serialı və yaxud filmləri auditoriyaya bəyəndirmək çətindir. Ancaq peşəkar çəkilən film öz tamaşaçısının rəğbətini qazanır. Bir faktı qeyd etmək istərdim. İtaliyanın istehsalı olan “Spurut” çox serialı filmi də Azərbaycanda dəfələrlə nümayiş olunub. Tamaşaçı bu filmə həvəslə baxır, həm kinodan informasiya alır, həmdə zövq alır. Bax, normal filmlərin, əsl mədəniyyətə xidmət edən kinonun mahiyyətinə duran da bu olur.
Bir sıra sənət növlərinin sintezindən yaranan normal film insana zövq verməklə bərabər həm də informasiya verir. Bütün parametrlərə uyğun çəkilən filmlərin maarifləndirici imkanları çox genişdir. Bu fikir şablon səslənsə də qeyd etməliyəm. Müharibə şəraitində yaşayan Azərbaycan gənci zövqsüz, mənasız, acı bağırsaq kimi uzanan teleseriallardan necə maariflənsin? Heç şübhəsiz ki, sabun köpüyü kimi yayımlanan həmin serialların çox acı praktik nəticələri var. Televiziyada nümayiş olunan istər veriliş olsun, istərsə də serial olsun, artıq bunlar geniş kütlə üçün nəzərdə tutulur. Serialı çəkən də, onu nümayiş etdirən telekanal da öz məsuliyyətini dərk etməlidir.