Modern.az

Aslan İsmayılov: "Mən bunu dərəbəylik və özbaşınalıq hesab edirəm”

Aslan İsmayılov: "Mən  bunu dərəbəylik və özbaşınalıq hesab edirəm”

20 Aprel 2012, 16:45

“Nə hərbi, nə də polis geyimli bir şəxs vətəndaşın evinə yaxın gedə bilər. Vətəndaşın tikilisini, evini, sarayını, hasarını sökmək üçün ancaq və ancaq məhkəmə qərarı lazımdır və Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəmə qərarını məhkəmə icraçıları həyata keçirir. İstənilən şəxslərin bu sahədə fəaliyyəti cinayətdir”.
Bu sözləri Modern.az-a açıqlamasında vəkil Aslan İsmayılov Sulutəpə yaşayış massivində son günlər baş verən hadisələrə münasibət bildirərkən deyib.

A.İsmayılov qeyd edib ki, məhkəmə qərarı olmadan vətəndaşların tikililərini sökənlər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar:
“Əmlakı dağıtmaq üçün mütləq məhkəmə qərarı olmalıdır. Hesab edirəm ki, sənədsiz evləri sökənlər cinayət törədiblər və onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Vəkil hesab edir ki, baş verənlər özbaşınalıqdır: “Bu məsələ tək Sulutəpə ilə deyil, ümumiyyətlə qanunsuz evlərin sökülməsilə bağlıdır. Bəli, mən başa düşürəm ki, bu evlər qanunsuz tikilib. Nə üçün qanunsuz ev tikməyə razılıq veriblər? Rüşvət yığanlar vəzifədən vəzifəyə keçirilir, pul verib evini tikənlərə isə divan tutulur. Bu proses ömür boyu Azərbaycanda davam edəcək. O vaxta qədər ki, səlahiyyət sahibləri qanunsuz tikilinin qarşısını almayacaqlar. Tikilənləri sökməklə məşğul olmaq yox, tikilməsinə əvvəlcədən icazə verməmək lazımdır. Heç bir tikili hakimiyyəti təmsil edən vəzifəli şəxslərdən icazəsiz tikilmir. Tikilən evlərin hamısı onların xeyir-duası ilə, onlara verilən rüşvətlər hesabına tikilir. Ona görə də mən  bunu dərəbəylik və özbaşınalıq hesab edirəm”.

Aprelin 18-də bir qrup polis əməkdaşı, hərbi geyimli şəxlər  və Azərbaycan Respublikası  Dövlət Neft Şirkətinin (ARDNŞ) mühafizəçiləri Sulutəpə qəsəbəsində, ARDNŞ-nin öz ərazisi saydığı hissədə olan evləri sökdüyü üçün sakinlərlə həmin şəxslər arasında qarşıdurma olub. Qarşıdurma zamanı Sulutəpə sakinləri və vəzifə borcunu yerinə yetirməyə hadisə yerinə gedən bir neçə jurnalist ARDNŞ-nin mühafizəçiləri tərəfində döyülüblər.

Mail Ağaxanov    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu