Parlamentin hazırda davam edən iclasında millət vəkili Fazil Mustafa “Siyasi partiyalar haqqında” qanunun müzakirəsi zamanı belə bir layihənin hazırlanacağını gözləmədiyini deyib.
F.Mustafa partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsinə toxunaraq bildirib ki, Azərbaycan hökumət siyasi islahatlara başlamağın tərəfdarıdır. Bunun üçün partiyaların maliyyələşdirilməsi çox vacib amillərdəndir.
Milli Məclisin sədri Oqtay Əsədov isə Fazil Mustafaya cavabında qeyd edib ki, hazırda ölkədə ən güclü partiya Yeni Azərbaycan Partiyasıdır.
“YAP-dan başqa bir partiya göstərin ki, seçkidə 3 faizlik barajı keçib”-deyə spiker vurğulayıb.
Daha sonra İqbal Ağazadə müzakirəyə qoşularaq partiyaların maliyyələşməsi ilə bağlı təklif irəli sürüb:
“Elə partiya var ki, bir namizədlə parlament seçkilərinə qatıldı. Elə partiya var ki, çoxlu namizəd irəli sürüb bir dənə də olsun deputat mandatı ala bilmədi. Heç bir sənəd hazırlamaya-hazırlamaya namizədliyini irəli sürüb salana-sallana gəlib bura deyir ki, mən flan partiyanın üzvüyəm. Bu məsələləri mütləq nəzərə almaq lazımdır”.
İ.Ağazadə daha sonra siyasi partiyaların qeydiyyatı zamanı üzləşdikləri problemləri dilə gətirib. O, qeyd edib ki, qeydiyyat zamanı yaradılan süni əngəllər aradan qaldırılmalıdır.
“Fikir verin qeydiyyat zamanı partiya üzvlərin şəxsiyyət vəsiqəsi tələb olunur. Bu da qeydiyyat üçün ciddi əngəl törədir. Bu cəhətdən siyasi partiyaların qeydiyyat məsələsi sadələşdirilməlidir”-deyə İ.Ağazadə fikir bildirib.
Depuaat ianə ilə bağlı məsələyə də toxunub, deyib ki, ianə verənlərin adları da açıqlanmalı deyil.
“Hesab edirəm ki, bu da doğru olmazdı. Çünki hansısa vətəndaş öz vəsaitini könüllü şəkildə hansısa partiyaya verirsə, onun kimliyi açıqlanmalı deyil”.
İ.Ağazadə parlamentə dövlət tərəfindən siyasi partiyalar üçün ayrılacaq vəsaitin sonuncu parlament seçkilərinə qatılan 17 partiya arasında bölüşdürülməsini təklif edib.
Spiker O.Əsədov da bu təkliflə razıl olmadığını bildirərək qeyd edib ki, bu ədalətli addım deyil: “Necə ola bilər ki, bir partiyanın parlamentdə bir üzvü olsun, digərinin yüz üzvü olsun. Bunları necə eyniləşdirmək olar? Bunlara necə eyni vəsait verilə bilər?”.
Modern.az