Modern.az

Ramil Usubov polisin korrupsiyadakı rolu barədə tapşırıq verdi

Ramil Usubov polisin korrupsiyadakı rolu barədə tapşırıq verdi

20 Aprel 2012, 19:41

Aprelin 20-də Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib. Modern.az DİN-ə istinadən bildirir ki, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov artıq ilin birinci rübünün arxada qaldığını, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də qorunub-saxlanıldığını deyib. Nazirin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılması bir qədər də yaxşılaşıb, şəxsiyyət əleyhinə olan cinayətlərin sayı isə təxminən 5 faiz azalıb. 

Ramil Usubov respublikada kriminogen durumu, o cümlədən cinayətkarlığın vəziyyətini və tendensiyasını şərtləndirən başlıca amillərdən birinin də mülkiyyət əleyhinə törədilən cinayətlərin olduğunu deyərəkŞ onun qarşısının alınması və açılması, bütövlükdə bu sahədə həyata keçirilən tədbirlərin daim diqqət mərkəzində saxlanıldığını xatırladıb.

İclasda mülkiyyət əleyhinə törədilən cinayətlərin açılması istiqamətində fəaliyyətin təşkili və görülən işlər barədə Baş Cinayət-Axtarış İdarəsinin rəis müavini, polis polkovniki Arzu Daşdəmirov çıxış edib. O deyib ki, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması və açılması istiqamətində ötən il həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu növ 1310 cinayət törətmiş 495 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 689 nəfər tutulub. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində, habelə «102» və «Təhlükəsiz şəhər» xidmətlərinin köməyi ilə 413 oğurluq, 94 soyğunçuluq, 85 nəqliyyat vasitəsinin qaçırılması, 63 oğurluğa cəhd, 38 quldurluq və digər cinayətlər «isti izlər»lə açılıb. Mülkiyyət əleyhinə olan cinayətlərə dair istintaqı tamamlanmış işlər üzrə dəymiş ziyanın 75 faizi ödətdirilib. Bu və ya digər məqsədyönlü tədbirlər sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari  ilin üç ayında respublika, o cümlədən paytaxt üzrə mülkiyyət əleyhinə cinayətlərin açılması 10 faiz yaxşılaşıb.     

Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib ki, ötən il respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2636, o cümlədən satışı ilə bağlı 817 fakt aşkarlanıb, 131 nəfərdən ibarət 50 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 557 kiloqram narkotik vasitə, o cümlədən 164,8 kiloqram həşiş, 52,2 kiloqram heroin, 14 kiloqram  tiryək, 298,8  kiloqram marixuana, 27 kiloqram sair vasitələr götürülüb, 28,6 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, ümumi çəkisi 366 ton 777 kiloqram olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Narkotiklərlə əlaqəli cinayətlərə görə məsuliyyətə cəlb olunmuş  22 xarici ölkə vətəndaşından 53,9 kiloqram müxtəlif növ narkotik vasitə aşkar olunub götürülüb. Narkotiklərin külli miqdarda satışı ilə bağlı 2011-ci ildə 392 cinayət aşkar edilib, 295 nəfər, o cümlədən 3 əcnəbi cinayət məsuliyyətinə cəlb olunub.   

Məruzələrdə və çıxışlarda nöqsan və çatışmazlıqlara da toxunulmuş, onların aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışılıb.

İclasa yekun vuran nazir R.Usubov kollegiya iştirakçılarının diqqətini qarşıda duran vəzifələrə yönəldib. Nazir hər bir əməkdaşın tapşırılmış sahəyə cavabdehliyinin artırılmasını, icra intizamına nəzarətin gücləndirməsini baş idarə, idarə, xidmət və ərazi polis orqanlarının rəislərindən tələb edib.

Ramil Usubov korrupsiyaya qarşı mübarizənin DİN-in aidiyyatı qurumlarında da tam şəkildə aparılmasının zəruriliyini nəzərə çatdırıb.

Nazir Avropanın ən nüfuzlu mahnı yarışmasına  - “Avroviziya”ya hazırlıq işlərinin  şəxsən Prezidentin nəzarətində olduğunu xatırladaraq bu beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşdüyünü, bu istiqamətdə xüsusi Tədbirlər Planının hazırlanaraq uğurla icra edildiyini bildirib. O, «Avroviziya-2012» mahnı müsabiqəsinə iştirakçılardan əlavə minlərlə əcnəbi qonağın, o cümlədən kütləvi informasiya vasitələri nümayəndələrinin qatılacağını, polisin qarşısında duran əsas vəzifənin qonaqların ölkədə hərəkət marşrutları, paytaxtda qalacaqları, istirahət edəcəkləri, gəzintiyə çıxacaqları yerlərdə ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini olunması üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu