Modern.az

Bu günkü mitinqlə bağlı polis müxalifətə, müxalifət polisə xəbərdarlıq edib

Bu günkü mitinqlə bağlı polis müxalifətə, müxalifət polisə xəbərdarlıq edib

22 Aprel 2012, 10:23


İctimai Palata bu gün saat 16.00-da Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada növbəti mitinqini keçirəcək. Mitinqlə əlaqədar təşkilatçılar aprelin 21-də Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunublar.
AXCP nümayəndəsi Asəf Quliyev "Azadlıq" radiosuna deyib ki, görüşdə mitinqin təhlükəsizliyi və ictimai asayişin qorunması ilə bağlı məsələlər müzakirə edilib.

Asəf Quliyevin sözlərinə görə, əvvəlcə ötən mitinq zamanı, mitinqin keçirildiyi əraziyə marşrutların işləməməsi ilə bağlı yaranan problem müzakirə edilib. Təşkilatçılar polisin diqqətinə çatdırıblar ki, 22 aprel mitinqində də belə hal yaransa, metronun «28 May» stansiyasının qarşısından «20-ci sahə»yə qədər yürüş edəcəklər:

«Polisdə bizə marşrutlarla bağlı vəd verilmədi. Deyildi ki, bu, polisin səlahiyyətində olmayan məsələdir. Amma bizim yürüş təklifimizə prinsipcə razı olduqlarını dedilər. Bildirdilər ki, bir şərtlə ki, yolboyu şüarlar səslənməsin və plakatlar qaldırılmasın».

Asəf Quliyev deyib ki, onlara mitinq keçirilən meydana əlavə elektrik generatorların gətirilməsinə icazə verilməyəcəyi bildirilib:

«Ərazidə elektrik enerjisi zəif olduğu üçün və işıqların sönməsi ehtimallarına görə meydana generatorlar aparmışdıq. İndi deyirlər, buna icazə verilməyəcək. Biz də dedik ki, aksiya zamanı elektrik enerjisi ilə bağlı problem yaransa, mitinqi dayandıracağıq».

Müzakirələrdə aksiya təşkilatçılarına bildirilib ki, meydana 18 yaşından aşağı uşaqlar buraxılmayacaq. Bundan başqa, təşkilatçılara mitinqdə səslənəcək şüarlarla bağlı da xəbərdarlıq edilib. Bildirilib ki, Bakı şəhər İcra Hakimiyyətinə edilən müraciət məktubundakı şüarlardan əlavə şüarların səsləndirilməsinə  icazə verilməyəcək.

AXCP-nin nümayəndəsinin sözlərinə görə, onlar ötən mitinqdə videoçəkiliş aparan tanımadıqları mülkigeyimlilərlə bağlı da narahatlıqlarını dilə gətiriblər:

«Biz dedik ki, yenə həmin adamlar çəkiliş aparsalar, partiyaların öz mühafizə xidmətləri o, adamları saxlayacaq, kameraları əllərindən alınacaq və özləri də polisə təhvil veriləcək».

Görüşdə Asəf Quliyevlə yanaşı, Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi Rafiq  Manafov da iştirak edib.

Kütləvi aksiyadan öncə hər dəfə Bakı şəhər Baş Polis İdarəsində aksiya təşkilatçıları ilə bu cür görüş keçirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu