Modern.az

Ombudsman xəstəxanada İdrak Abbasovla görüşüb

Ombudsman xəstəxanada İdrak Abbasovla görüşüb

23 Aprel 2012, 17:07

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 18 aprel 2012-ci il tarixdə Binəqədi rayonunun Sulutəpə qəsəbəsindəki 4-cü mədən ərazisində qanunsuz tikililərin sökülməsi zamanı zorakılığa məruz qalan və hazırda Bakı şəhəri Kliniki-Tibbi mərkəzində yerləşdirilmiş “Ayna”-“Zerkalo” qəzetlərinin əməkdaşı İdrak Abbasovla görüşüb”.

Bunu Modern.az-a açıqlamasında Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zenfira Məhərrəmli bildirib. Onun sözlərinə görə, jurnalist hazırda həmin mərkəzin neyro-cərrahiyyə şöbəsində müalicə olunur. Mərkəzin baş həkiminin cərrahiyyə işləri üzrə müavini xəstəyə zəruri tibbi yardım göstərildiyini, müalicənin davam etdirildiyini və səhhətinin yaxşılaşdığını Ombudsmana bildirib:

“Müvəkkil söhbət zamanı İ.Abbasova bu xoşagəlməz hadisənin xarici ölkədə beynəlxalq konfransda iştirak etdiyi zaman baş verdiyini, bununla bağlı təəssüf hissi keçirdiyini, qayıtdıqdan sonra onun vəziyyətini və səhhətini diqqətdə saxladığını, ilkin araşdırmalar apardığını bildirib, səhhətinin hazırki durumu ilə maraqlanıb. Jurnalist həmin hadisə barədə ElmiraSüleymanovaya məlumat verib, çəkiliş apardığı zaman ARDNŞ-in əməkdaşları tərəfindən, əynində jurnalist gödəkcəsi olmasına baxmayaraq, döyüldüyünü, təhqir edildiyini, polis əməkdaşlarının isə hadisə zamanı heç bir zorakılığa yol vermədiyini, əksinə bu insidentin qarşısını almağa çalışdıqlarını söyləyib. Bu hadisənin onun qardaşlarının, həmçinin “Yeni Müsavat” qəzetinin ərazidə olan əməkdaşı Günay Musayevanın gözü qarşısında baş verdiyini bildirib. Sonra İdrak Abbasov ona məlum olduğu kimi, Günay Musayevaya qarşı mülki geyimli şəxs tərəfindən kobud rəftara yol verildiyini bildirib. Jurnalist eyni zamanda onun mobil telefonuna gizli nömrədən hədələyici zənglər edildiyini nəzərə alaraq, ailəsinin təhlükəsizliyinin təmin olunmasını və müvafiq tədbirlər görülməsini istəyib”.

Ombudsman Aparatının sözçüsü onu da bildirdi ki, E.Süleymanova Kliniki-tibbi mərkəzin baş həkimi T.Bəbirova müraciət edərək, İ.Abbasovun səhhətini və müalicəsini xüsusi nəzarətdə saxlamağı tapşırıb:
“Müvəkkil bildirib ki, Sulutəpədə baş vermiş hadisə diqqət mərkəzindədir və hazırda araşdırmalar davam etdirilir. Ombudsmanın əlavə araşdırması zamanı müəyyən edilib ki, həmin hadisənin, o cümlədən şirkətin təhlükəsizlik xidmətinin və polis əməkdaşlarından bir neçəsinin xəsarət alması ilə nəticələnmiş zorakılıq hallarının təfərrüatı ilə araşdırılması məqsədilə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev tərəfindən işçi qrupu yaradılıb. Habelə Binəqədi Rayon Polis İdarəsinin rəisi A.Məhərrəmovun verdiyi məlumata görə, həmin RPİ-də məsələ ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) üzrə cinayət işi açılıb və istintaq aparılır. Hadisə zamanı üç polis maşınının kütlə tərəfindən atılmış daşlar və digər əşyalarla zədələndiyi, maşınların şüşələrinin sındırıldığı da bildirilib. Müvəkkil istintaq prosesinin tam, hərtərəfli və obyektiv aparılması, zorakılığa yol vermiş və buna təhrik etmiş şəxslərin aşkarlanması, törədilmiş əmələ görə qanunauyğun olaraq cəzalandırılması və nəticəsi barədə məlumat verilməsi ilə bağlı Daxili İşlər naziri və Baş prokurora müraciət edib”.

 Z.Məhərəmli onu da bildirib ki, Ombudsman qanun pozuntularının  aradan qaldırıldığı halda  belə, hər hansı zorakılığa, o cümlədən jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırılmasına gələcəkdə yol verilməməsi və bu halların qarşısının alınması məqsədilə müvafiq icraçılar üçün preventiv üsul kimi, təlimlər keçirilməsini və geniş izahat işi aparılmasını, habelə həddən artıq güc tətbiq olunmadan qanunauyğun davranış qaydalarına riayət olunmasını tövsiyə edir.

 

Gültəkin Ələsgər

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu