Milli Məclisin deputatları Azay Quliyev, Elton Məmmədov, Musa Quliyev və Mirkazım Kazımov Rumıniya-Azərbaycan dostluq qrupunun dəvəti ilə aprelin 22-dən Buxarestdə səfərdədirlər.
Səfər çərçivəsində millət vəkilləri Rumıniya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Rumıniyadan olan Avropa Parlamentinin deputatları, ATƏT PA-da Rumıniya nümayəndə heyətinin üzvləri, habelə dövlət rəsmiləri, Rumıniya-Azərbaycan Cəmiyyətinin, Qeyri-Hökumət təşkilatlarının təmsilçiləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, strateji tərəfdaşlığın həyata keçirilməsinə dair fəaliyyət planı, enerji sahəsində əməkdaşlıq, Cənubi Qafqazda təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılacaq. Səfər aprelin 26-da başa çatacaq. Milli Məclisin deputatı Azay Quliyev aprelin 25-də Almaniyanın Berlin şəhərinə səfər edəcək. Səfər zamanı millət vəkili Almaniya Bundestaqında olacaq, həmkarları ilə görüşəcək, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri barədə söhbətlər aparacaq. Səfər aprelin 29-da başa çatacaq.