Bu gün Strasburqda AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. AŞPA Monitorinq Komitəsinin üzvü Elxan Süleymanovun da iştirak etdiyi iclasda Azərbaycanın öhdəlik və vəzifələrinin icrasına dair məlumat sənədi müzakirə olunaraq qəbul edilib.
Elxan Süleymanov bildirib ki, Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrekin 31 yanvar – 2 fevral 2012-ci ild tarixdə ölkəmizə faktaraşdırıcı missiya ilə səfər ediblər. Həmməruzəçilər səfər zamanı ədliyyə naziri, Baş prokuror, Prezident Administrasiyasının rəhbəri, Ali Məhkəmənin sədri, Milli Məclisin sədri, Ombudsman, Milli Məclisdə təmsil olunan partiyaların rəhəbrlərii ilə görüşlər keçiriblər. Onlar qaçqınlar və məcburi köçkünlərin qaldığı qaçqın düşərgəsinə baş çəkiblər, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini ilə fikir mübadiləsi aparıblar. Həmməruzəçilər səfər zamanı həmçinin bir sıra QHT və media nümayəndələri, həmçinin parlamentdə təmsil olunmayan müxalifət partiyalarının rəhbərləri ilə görüşərək müzakirələr aparıblar. Həmməruzəçilər Azərbaycana faktaraşdırıcı səfərlərinin nəticələrinə dair məlumat qeydi adlı sənəd hazırlayaraq Monitorinq Komitəsinə təqdim ediblər.
Elxan Süleymanov qeyd edib ki, həmməruzəçilər tərəfindən belə sənədlərin hazırlanması və onların Komitədə müzakirə edilməsi qəbul edilmiş praktikadır. Həmməruzəçilərin faktaraşdırıcı səfərləri əsasında hazırlanan bu sənədlər aralıq məruzə xarakteri daşıyır və həmməruzəçilər sonda bu sənədlər əsasında yekun məruzə hazırlayırlar.
Millət vəkili həmməruzəçilərin hazırladığı məlumat sənədini hərtərəfli və Azərbaycan cəmiyyətindəki mövcud mövqeləri özündə əks etdirən sənəd kimi qiymətləndirib. Elxan Süleymanovun sözlərinə görə, həmməruzəçilər sənəddə konkret məsələlərlə bağlı öz narahatlıqlarını bildirməklə bərabər, həmin sahələrdə inditədək əldə edilmiş irəliləyişləri də göstərməyə çalışıblar və vəziyyəti yaxşılaşdırmaq üçün həyata keçiriləcək mümkün tədbirlər barədə hakimiyyət orqanları ilə müzakirə aparmağın zəruriliyini vurğulayıblar.
Modern.az