Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə bayramına hazırlaşır. May ayının 5-dən 15-dək ölkəmizin müxtəlif yerlərində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır.
Bu barədə Modern.az-a komitənin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova məlumat verib.
“BMT-nin Baş Assambleyasının 1993-cü il 20 sentyabr qətnaməsinə müvafiq olaraq, hər il may ayının 15-i Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycan Respublikasının regionlarında bu bayram artıq 5 ildir ki, keçirilir. Ötən illərdə Şamaxı, Lənkəran, Qax, Xaçmaz rayonlarında keçirilib. Bu il isə İsmayıllı rayonunda keçirilməsi planlaşdırılır. Hər bir rayonda kulinariya, əl işləri, yaradıcı nümunəvi ailə nominasiyaları üzrə keçirilən müsabiqələrdə qalib gələn ailələr, yəni ana, ata və iki uşaq öz bacarıqlarını yekun bayram tədbirində nümayiş etdirəcəklər. Adətən, rayonlarda keçirilən bayram şənliyində bir gənc ailənin toyu və bir ailənin brilliant toyu qeyd olunur. Bayram şənliyində hər il olduğu kimi, bu il də qalib ailələlərə komitə tərəfindən diplomlar, qiymətli hədiyyələr, eyni zamanda maarifləndirmə məqsədi daşıyan çap materialları veriləcək. Bayramda qonaq qismində ictimaiyyətin tanınmış xadimləri, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcəklər. Bayram tədbiri AzTV telekanalı vasitəsilə işıqlandırılacaq”.
Komitə rəsmisinin sözlərinə görə, bu əlamətdar günlə bağlı “qadın koloniyası”nda, uşaq evlərində də kütləvi aksiya kimi tədbirlər keçiriləcək. Şöbə müdüri onu da əlavə edib ki, bu bayram milli, mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslin tərbiyəsi, sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilir.
Nihadə Eyyubova