Bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun ad günüdür. Nazir yubley yaşını qeyd edur.
Modern.az-ın məlumatına görə, Ziya Ərzuman oğlu Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunda anadan olub.
Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirən Z.Məmmədov əmək fəaliyyətinə 1971-ci ildə başlayıb. 19 yaşında o, Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi işləyib.
1972-1974-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçdikdən sonra Ziya Məmmədov yenidən köhnə iş yerinə qayıdır. 6 il Biləcəridə çalışan Z. Məmmədov bu illərdə Lokomotiv deposunda maşinist köməkçisi, maşinist kimi çalışıb.
Z. Məmmədovun ictimai fəaliyyəti də diqqətdən kənarda qalmayıb. 28 yaşlı Ziya 1980-ci ildə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatı katibi təyin olunur. 1983-cü ildə isə depo işçiləri onu həmkarlar komitəsinin sədri vəzifəsinə seçirlər.
1983-1984-cü illərdə Z.Məmmədov Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri vəzifəsində çalışır. Bundan sonra onun vəzifə pilləsi üzrə karyerası başlanır.
1984-cü ildə 32 yaşlı Z. Məmmədov Biləcəri Lokomotiv deposunun kadr və məişət işləri üzrə müavini təyin edilir. 1987-ci ilə qədər bu vəzifədə çalışan Z. Məmmədov buradan Dəvəçi rayonuna göndərilir. O, 1989-cu ilə qədər Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi vəzifəsində işləyir.
Özünü peşəkar dəmiryolçu kimi göstərə bilən Z.Məmmədova ölkənin mühüm dəmiryol qovşağı keçən Gəncəni etibar edirlər. 1989-cu ildə Gəncə Lokomotiv Deposuna rəis təyin olunan 37 yaşlı Z. Məmmədov 1991-ci ilə qədər bura rəhbərliik edir.
90-cı illərin əvvələrindən etibarən Z.Məmmədov “mərkəzə” gətirilir. 1991-ci ildə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi təyin olunan Z. Məmmədov 1993-cü ildə daha mühüm vəzifəyə irəli çəkiilir. Onu Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini vəzifəsinə təyin edirlər.
1996-cı il 44 yaşlı Z. Məmmədov üçün uğurlu olur. Azərbaycan prezidenti Heydər Əliyevin 31 iyul 1996-cı il tarixli 379 nömrəli sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilir. 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışan Z. Məmmədov prezidentin 08 avqust 2002-cı il tarixli 750 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəsinə təyin edilir.
Fəxri Dəmiryolçu olan Z. Məmmədov Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.
O, həmçinin Rusiya Federasiyası Dərbənd şəhərinin Fəxri vətəndaşıdır. Azərbaycan prezidenti İlham Əliyev 60 yaşını qeyd edən nazir Ziya Məmmədovu dünən "Şöhrət" ordeni ilə təltif edib.
Ailəli olan Z. Məmmədovun 2 övladı - bir qız, bir oğlu var. İş adamı olan oğlu Anar Məmmədov fəal ictimai fəaliyyəti ilə tanınır. A.Məmmədovun təsis etdiyi Azərbaycan Amerika Alyansı ABŞ-da fəaliyyət göstərən bitərəf, qeyri-hökumət təşkilatı olub, Amerikada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatının təbliği istiqamətində çalışır. Alyansın missiyasına Azərbaycan və Amerika xalqı arasında qarşılıqlı anlaşma və hörmət mühitinə dəstək təmin etmək daxildir.
Modern.az