Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəvəti ilə Beynəlxalq İdman Dırmanma Federasiyasının (İFSС) vitse-prezidenti Helmut Knabl 28 aprel 2012-ci il tarixində Bakıya işgüzar səfərə gəlib.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən Modern.az-a bildirilib ki, səfər zamanı Helmut Knabl Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) yeni açılmış ofisində federasiyanın prezidenti Hüseyn Bağırovla və FAİREX-in idman klublarının fəalları ilə görüşwb, daha sonra Beynəlxalq İdman Dırmanması Federasiyasının tələb və şərtlərinə uyğun olaraq yeni inşa olunmuş “Climbaku” İdman Dırmanması Mərkəzi ilə tanış olub və orada federasiyanın idmançıları arasında keçirilən seçmə turniri maraqla izləyib.
Səfər proqramı çərçivəsində H.Knabl Azərbaycan Respublikası Gənclər və İdman Naziriliyində nazir müavini İntiqam Babayevlə, Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri İsmayıl Sadıqovla görüşüb.
Görüşdə qonaq, Beynəlxalq federasiyanın fəaliyyəti, qarşıda duran planları haqqında məlumat verib və Azərbaycanda bu idman növünə göstərilən qayğı və diqqətdən məmnun olduğunu bildirib. Həmçinin o, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 2010-cu ilin əvvəlindən İFSС-yə üzv olduğunu və bu qısa müddət ərzində FAİREX-in işindəki nəzərə çarpacaq irəliləyişlərin, idmançıların beynəlxalq yarışlarda aktiv iştirakının İFSС-nin diqqətini cəlb etdiyini bildirib.
Eyni zamanda müzakirələr zamanı 2020-ci ildə Olimpiya oyunlarının Bakıda keçirilməsi, Beynəlxalq İdman Dırmanma Federasiyası ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası arasındakı əlaqələrin koordinasiya olunması barədə danışıqlar aparılıb.
Səfər çərçivəsində H.Knabl Bakının və Azərbaycanın görməli yerləri ilə tanış olub
Modern.az