Aprelin 29-da Berlində Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV qurultayı keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı Berlinin “Konkord” otelinin tədbirlər salonunda baş tutub.
Qurultaydan əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra, dünyada Azərbaycanın diaspor quruculuğundan bəhs edən “Gücümüz birliyimizdədir” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən və qurultayın rəyasət heyəti seçildikdən sonra AAK prezidenti Başar Kömür hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan dövlətinə və prezident İlham Əliyevə Azərbaycan diasporuna və onun işinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. B.Kömür bildirib ki, qurultayın işində Avropanın müxtəlif ölkələrindən 61 Azərbaycan diaspor təşkilatı iştirak edir. O, Diasporla İş üzrə Dövlət Komitəsinin AAK fəaliyyətinə daim dəstək verdiyini deyib. B.Kömür AAK-ın yarandığı gündən bəri sürətlə böyüdüyünü, həm öz sıralarını, həm də təsir imkanlarını genişləndirdiyini vurğulayıb. Xüsusi ilə erməni lobbisinin antiAzərbaycan fəaliyyətinin neytrallaşdırılmasında Avropa Azərbaycanlıları Konqresinin ciddi işlər gördüyünü, Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağla bağlı gerçəkliklərin dünyaya çatdırılmasında da əhəmiyyətli addımlar atdığını söyləyib.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan dövlətinin AAK-ın fəaliyyətini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri 4 dəfə qurultayının keçirdiyini, bu illər ərzində təşkilatın 3 prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulayıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasını qeyri-daimi üzvü və həmin quruma sədrlik etdiyini xatırladan Ə.Həsənov bəzi qüvvələrin, o cümlədən bəzi mətbu orqanların antiAzərbaycan fəaliyyətini neytrallaşdırmaq, ölkəmiz barədə həqiqətlərin olduğu kimi dünya və Avropa ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında AAK-ın 8 illik mövcudluğu dövründə çox önəmli işlər gördüyünü bildirib. Komitə sədri bu illərdə AAK tam mənası ilə diaspor təşkilatı kimi formalaşdığını deyib. Seçiləcək yeni rəhbər heyətə Dövlət Komitəsinin dəstəyini davam etdirəcəyini bildirib.
Ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya mərkəzinin rəhbəri Samirə Patzer İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Beni- Lüks Azərbaycanlıları Konqresinin prezdenti Sahil Qasımov, TADEF sədri Bilal Dündar çıxışlar edərək AAK-ın bundan sonrakı hədəflərindən bəhs ediblər.
Qurultay çərçivəsində həmçinin AAK-a yeni üzvlərin qəbulu planlaşdırılır.
Tədbirdə Dünya Azərbaycanlılarının III Qurultayının yekunlarına həsr olunmuş kitabın təqdimatı keçiriləcək.
Qurultayda Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanları seçiləcək, həmçinin bir sıra sənədlər, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayının Qətnaməsi qəbul ediləcək.
AAK-ın IV Qurultayında “Avropa Azərbaycanlıları Konqresi Fəxri Prezidentlərinin Məşvərət Şurası”nın yaradılması gözlənilir.
Modern.az