Milli Məclisin aprelin 30-da keçirilən “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” adlı beynəlxalq konfransda çıxış edən vitse-spiker Bahar Muradova Azərbaycanda uşaqlara qarşı zorakılıq hallarının olduğunu bildirib. B.Muradovanın sözlərinə görə, bu istiqamətdə dövlət tərəfindən hazırda ciddi işlər görülməkdədir.
“Azərbaycanda uşaqlara qarşı zorakılıqla bağlı ciddi işlər görülür. Bu yöndə Avropa Şurası ilə bir sıra layihələr həyata keçirilib, bugünkü tədbir də məhz həmin işlərin davamıdır. Hələ ötən il Avropa Şurası ilə birlikdə “Biz uşaqlara qarşı zorakılığa yox deyirik” adlı böyük tədbir keçirdik və bu tədbir zamanı çağırış etdik ki, uşaqlara qarşı zorakılıqla mübarizə yönündə işlər daha da sürətləndirilməlidir. Bundan sonra, biz təhsil müəssisələrində, bəzi bölgələrdə uşaqlara qarşı zorakılıqla bağlı silsilə tədbirlər keçirdik. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda uşaqlar daim dövlətin diqqəti və qayğısı altındadır”-deyə vitse-spiker vurğulayıb.
B.Muradova uşaqlara qarşı zorakılığın aradan qaldırılmasında dünya təcrübəsinin mühüm əhəmiyyət kədb eydiyini deyib:
“Bizdə həm dövlət, həm də ailələr uşaqların daim qayğı ilə əhatə olunmasına çalışırlar. Çox sevindirici haldır ki, uşaqlara qarşı zorakılıqla bağlı həyata keçirilən tədbirlər bir sıra beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunmaqda və müsbət qiymətləndirilməkdədir. Azərbaycanın bu istiqamətdəki təcrübəsi artıq dünya tərəfindən bir model kimi qəbul oluna bilər və olunur”.
Modern.az