Mədəniyyət və Turizm Nazirliyinin «2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları» proqramına əsasən zəngin turizm potensialı nəzərə alınaraq Gədəbəy “Əfsanələr paytaxtı” elan edilib. Ölkənin səfalı dağ rayonuna, bu il gələn turistlərin rahatlığını təmin etmək üçün elektron turizm xəritəsi də hazırlanır.
Gədəbəyin bu il əfsanələr paytaxtı elan edilməsi heç də təsadüfi deyil. Rayon ərazisində tarixin müxtəlif dövürlərinə aid 130-dan çox tarixi abidə var. İl ərzində tarixi ənənələr, elmi-praktik konfranslar, konsert, müsabiqə, sərgi və digər mədəni tədbirlər keçiriləcək. Artıq Gədəbəydə “Əfsanələr paytaxtı” nominasiyasına uyğun olaraq loqosunun əks olunduğu lövhə hazırlanıb, bannerlərin hazırlanması və yerləşdirilməsi istiqamətində isə iş aparılır.
Bütün bu işlər həm də təbliğat sahəsində mövcud çatışmazlıqların aradan qaldırılmasına səbəb olacaq. Gədəbəy rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Fazilə Məmmədovanın sözlərinə görə, Gədəbəydə əfsanələrlə bağlı bir çox abidələr, aşıqlar var:
”Dağlarımız, dərələrimiz bunlar hamsı bir əfsanədir. Gədəbəyin təbiəti, memarlığı bunlar hamsı əfsanələrdi”.
Qeyd edək ki, Azərbaycan Turizm Universitetinin və Almaniyanın YADE Universitetinin mütəxəssisləri tərəfindən Gədəbəyin elektron turizm xəritəsinin hazırlanmasına başlanılıb. Hazırda xəritə üzərində iş gedir. Proses sona çatdıqdan sonra bu xəritə internetə yerləşdiriləcək. İstər paytaxtda, istər başqa rayonlarda, istərsə də xaricdə yaşayan hər bir kəs elektron xəritə ilə Gədəbəyin turizm potensialı ilə tanış ola bilərlər. Elektron xəritədə rayonun ən gözəl, gəzməli və görməli yerləri barədə də məlumatlarla tanış olmaq mümkün olacaq.
Modern.az