“Sirr deyil ki, Putinlə Azərbaycan prezidentinin münasibətləri yaxşı deyil”. Bu fikirləri politoloq Arif Yunus Modern.az-a Rusiyanın yeni prezidenti Vladimir Putinlə bundan sonrakı proseslərdə Azərbaycanın əlaqələrini şərh edərkən deyib. Politoloqun sözlərinə görə, prezidentlər arasındakı soyuqluq siyasi müstəvidə özünü büruzə verməyəcək.
“Hesab edirəm ki, Medvedevdən fərqli olaraq Putinin zamanında Azərbaycanı xoşa gəlməyən günlər gözləyir. Heç kim üçün sirr deyil ki, Putinlə Azərbaycan prezidentinin münasibətləri o qədər yaxşı deyil. Bu sirr deyil. Amma siyasətdə çox şey insanların simpatiyasından irəli gəlmir. Siyasətdə əsas maraq var. Bu baxımdan çox şeyə fikir verməyəcəəklər. Hesab edirəm ki, şəxsi münasibətlər dövlətlərarası münasibətlərdə hiss olunmayacaq.”-deyə A.Yunus vurğulayıb.
Dağlıq Qarabağ probleminin həlli prosesinə toxunan politoloq qeyd edib ki, Putinin hakimiyyəti dönəmində müsbət irəliləyiş gözləmək düzgün deyil:
“Əgər biz Qarabağ məsələsini əsas götürürüksə, mən gözləmirəm ki, Putinin dövründə müsbət addımlar atılacaq. Qarabağla bağlı heç bir yenilik olmayacaq. Vəziyyət olduğu kimi qalacaq. Putin bu məsələdə aktiv rol oynamayacaq”.
Politoloq son günlər Moskvada baş verən mitinqlərlə bağlı bildirib ki, artıq Rusiya xalqı hakimiyyətə qarşı çıxaraq öz iradəsini nümayiş etdirir. A.Yunusun fikrincə, V.Putin ilk dəfə prezident seçilərkən insanlar arasında qazandığı müsbət imici artıq demək olar ki, itirib.
“Moskvada keçirilən mitinqlər Azərbaycan-Rusiya münasibətlərinə heç bir təsir etməyəcək. mitinqlər onu göstərdi ki, Rusiyada cəmiyyəti yenidən oyanır. Putinin birinci prezidentlik dönəmində o daha populyar idi, cəmiyyət tərəfindən dəstəklənirdi. Bundan sonra Rusiyada çox maraqlı proseslər gedəcək. Yəni, müxalifətdə yeni liderlər formalaşıb. Putin müxalifətin tələblərinə istəsə də, istəməsə də fikir verəcək. Rusiyada siyasi dəyişikliklərin olacağı gözlənilir”
Anar RÜSTƏMOV