Səhiyyə Nazirliyi iyunun 1-dən qutularında içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının idxalını dayandıracağı haqqında xəbərdarlıq etmişdi. Nazirlik bildirmişdi ki, həmin dərmanlar satışdan çıxarılacaq, apteklər isə cəzalandırıla bilər. Bu barədə hətta dərman təchizatı ilə məşğul olan şirkətlərə də rəsmi müraciətlər edilib.
Maraqlıdır, proses necə gedir. Səhiyyə Nazirliyi apteklərdə monitorinq aparırmı? Aptek və şirkətlərdə neqativ hallara rast gəlinibmi?
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bu barədə Modern.az saytına açıqlama verib: ”Monitorinq daim aparılır. Yəni, monitorinq vaxtaşırı kampaniya şəklində getmir. Bu Səhiyyə Nazirliyinin funkisional fəaliyyətlərindən biridir. Dərman Vasitələrinin Ekspertiza Mərkəzi tərəfindən apteklər, bir də dərman şirkətləri monitorinqə cəlb olunur. Onların fəaliyyətinin monitorinqi aparılır. Qüsurlar tapıldıqda, onlar cərimə olunur”.
A.Qədirli deyib ki, qablaşdırılan dərman pereparatlarının içlikləri Azərbaycan dilində olmasa, cərimədən başqa lisenziyasının alınması da tətbiq oluna bilər. “Hələki belə halla qarşılaşmamışıq. Dəqiq deyə bilmərəm nə qədər aptekdə, şirkətdə monitorinq aparılır, çünki monitorinqlər hələ gedir. Ümid edirik ki, ayın 1-nə kimi bütün içliklər Azərbaycan dilində olacaq”.
Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən 2012-ci ilin I rübü üçün İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı ilə 95 aptekdə monitorinq keçirilib. Onlardan 6-sı qeyri-qanuni fəaliyyət göstərdiyi üçün fəaliyyəti dayandırılıb, yararlıq haqqında analiz protokolu olmayan 299 seriya 1428 qutu (bunlardan 956 qutu qeydiyyatsız dərman vasitələri), istifadə müddəti bitmiş 22 qutu dərman preparatları aşkarlandığı üçün müsadirə olunub.
Monitorinqin bu cür nəticəsindən sonra iyunun 1- nə kimi içliklərin hamısının Azərbaycan dilində ola bilməsi heç də ümidverici deyil.
Şahanə RƏHİMLİ