Partiya rəhbərliyi xarici pasportu olmayan qurultay nümayəndələrinə tez bir zamanda pasport almağı tapşırıb
Müsavat Partiyası qurultayın keçirilməsi üçün Türkiyə və Gürcüstana müraciət etməyi planlaşdırır. Modern.az bildirir ki, bu barədə Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin bu gün keçirilən toplantısında müzakirə aparılıb. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, toplantıda partiya nizamnaməsinə və proqramına əlavə və dəyişikliklərlə bağlı son təkliflər müzakirə olunub.
Eyni zamanda Qurultayın xaricdə keçirilməsi üçün yerin alınması ilə bağlı fikir mübadiləsi aparılıb. İndiyədək edilmiş müzakirələrə verilmiş cavabları təhlil edərək, yenidən Bakı şəhəri İcra Hakimiyyətinə müraciət edilməsi qərara alınıb.
Həmçinin hakimiyyətin bu dəfə də olumlu cavab vermədiyi halda qurultayın keçirilməsinə şərait yaradılması üçün Türkiyə və Gürcüstan hökumətlərinə müraciət ediləcəyi qərarı verilib.
Qurultayın xaricdə keçirilməsi variantının daha da aktuallaşacağını nəzərə alaraq, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi pasportu olmayan qurultay nümayəndələrinə indidən ümumvətəndaşlıq pasportu almalarını tövsiyə edib.
Qeyd edək ki, bir neçə aydır partiya və hakimiyyət strukturları arasında gedən danışıqlar heç bir nəticə vermir, Müsavata qurultay keçirmək üçün yer ayrılmır. Buna baxmayaraq, hakimiyyət iqtidaryönlü təşkilatlara, o cümlədən qeyri-hökumət təşkilatlarına ölkənin ən ali saraylarında siyasi tədbir keçirməyə şərait yaradır. Müsavat bu davranışı ayrı-seçkilik kimi qiymətləndirir.
Modern.az