Modern.az

Ankarada “Şuşasız 20 il” tədbiri keçirilib – FOTOLAR

Ankarada “Şuşasız 20 il” tədbiri keçirilib – FOTOLAR

Təhsil

8 May 2012, 16:45

Ankarada “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Parlament Jurnalistləri İctimai Birliyi və Azərbaycanın Türkiyədəki səfirliyinin birgə təşkilatçılığı ilə “Şuşasız 20 il” tədbiri keçirilib. 
Tədbir Türkiyənin “Anadolu” Dövlət Agentliyinin Anakaradakı ofisində baş tutub.
“Şuşasız 20 il” tədbirində Azərbaycanın millət vəkilləri, Dağlıq Qarabağın Azərbaycanlı İcması və media nümayəndələri, Azərbaycanın Türkiyədəki səfiri və səfirliyin əməkdaşları, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Türkiyə mediası və sivil toplum kuruluşunun nümayəndələri iştirak ediblər. 

Tədbirdə iştirak edən Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının verdiyi məlumata görə, “Şuşasız 20 il” mərasimində Şuşa ilə bağlı film də nümayiş etdirilib. 

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tədbirdəki çıxışında Şuşanın tarixindən, ermənilərin tarixin müxtəlif zamanlarında müxtəlif dövlətlər tərəfindən regionumuza köçürülməsindən, hazırki Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları üzərində qurulmasından, Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu gün davam etdirdiyi diplomatiya yolunun ölkəmiz üçün yeganə seçim olmadığından və Prezident İlham Əliyevin “Biz bir qarış da öz torpaqlarımızdan güzəştə getməyəcəyik” sözlərinin gənclər üçün önəmli bir şüar olduğundan söz açıb.

Millət vəkili Qənirə Paşayeva öz çıxışında, işğal olunmuş Azərbaycan torpaqlarında, xüsusilə də Şuşada ermənilərin törətdikləri vəhşiliklərin və mədəni-tarixi-dini abidələrə qarşı erməni vandalizminin təkcə Azərbaycana qarşı yox, bütün dünya mədəniyyətinə qarşı həyata keçirildiyini qeyd edərək, dünya ictimaiyyətinin, xüsusilə də BMT kimi mötəbər beynəlxalq qurumların səssizliyindən bəhs edib. O, həmçinin Türkiyə KİV-inin Azərbaycana qarşı yönəldilmiş ədalətsizliklər barəsində duyarsızlığından da söz açaraq, bəsit və mənasız mövzular yerinə, mühüm həyati məsələlərin KİV-də daim aktual saxlanılmasının vacibliyini vurğulayıb.

Tədbirin sonunda iştirakçılara, Şuşa ilə bağlı sənədli filmin CD-si, Şuşadakı tarixi abidələr haqqında jurnal və Qənirə Paşayevanın müəllifi olduğu “Bağanis Ayrım” kitabı təqdim olunub.

Səfirlik Türkiyə KİV-ində Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 20-ci ildönümü münasibətilə (8 may tarixində yayımlanacaqlar) müxtəlif məqalələr və televiziya proqramlarının yayımını da təşkil edib.

Şuşa Azərbaycanın ən qədim şəhərlərindəndir və 1992-ci ilin mayın 8-də Ermənistan tərəfindən işğal olunub. Bu şəhər ermənilər tərəfindən tamamilə dağıdılıb. Tarixi və mədəni abidələr, qəbiristanlıqlar yandırılırb.
Bu il Şuşanın işğalının 20 ili tamam olur. 





Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu