İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 67-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Prezidenti 1941-1945-ci illər Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinləri qarşılayıblar.
Burada fəxri qarovul dəstəsi düzülwb.
Dövlət başçısı müharibə veteranlarını salamlayıb, onların hər birini Qələbə bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların problemləri, qayğıları ilə maraqlanıb.
Dövlətimizin başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoyub, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edib.
Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev daha sonra tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşüb, Qələbə günü münasibətilə onları təbrik edib.
Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.