|
Trafalqar meydanı, Britaniya muzeyi, Bukingem sarayı və əlbəttə ki, Biq-Ben. London səfərində görmək istədiyim yerlərin siyahısının başında bu məkanlar dururdu. Həm də “Londonun gözü”nə minib şəhəri seyr etmək və Nelson heykəlinin altında şəkil çəkdirmək. Proqramın gündəliyi buna imkan verdi. Hələ üstəlik Şerlok Holmsun muzeyini gəzməyə də vaxt qaldı. Londona qayıtmaq üçün Temzaya 1 pens atmağı da unutmadım. Londonun eninə-uzununa gəzməyə imkan verən bu proqram British Councilin təşəbbüsü və Paşa Bankın sponsorluğu ilə baş tutdu. Bu təşkilatlar hələ ötən il biznes jurnalistikası üzrə təlim proqramı elan etmişdilər. Üç mərhələli seçim nəticəsində 7 jurnalist təlimlərə qatılmışdı. Bakıda keçən 3 təlim proqramının sonuncu mərhələsi isə İngiltərədə baş tutdu. Səfərin ilk günü azərbaycanlı jurnalistlərin Böyük Britaniyadakı səfirimiz Fəxrəddin Qurbanovla qeyri-rəsmi görüşü oldu. Görüş zamanı səfir diasporanın fəaliyyətindən, səfirliyin media ilə əlaqələrindən, Britaniyada təhsil ala azərbaycanlı gənclərin nailiyyətlərindən və s. söz açdı.
Proqramın rəsmi hissəsi də maraqlı tərtib olunmuşdu. Avropa Yenidənqurma və İnkişaf Bankının baş katibi Entoni Uilyamsla görüş çap üçün olmadığından, orada açıqlanan maraqlı faktları dərc etmək mümkün deyil. Amma ümumilikdə onu demək olar ki, bu bankın rəhbərliyi Azərbaycanda həyata keçirilən layihələri daim nəzarətdə saxlayır və onlardan razıdır.
London Birjasında Azərbaycan şirkəti yoxdur
Səfər zamanı biz həm də məşhur London Birjasında Qazaxıstan şirkətlərindən biri ilə bağlı əməliyyatın keçməsini izlədik. Niyə Qazaxıstan? Çünki Azərbaycandan burada heç bir şirkət təmsil olunmur. Sözün düzü, birja rəsmiləri nə qədər izah etməyə çalışsalar da, kimin hansı səhmi necə, neçəyə , hansı vaxt ərzində satmalı olduğunu göstərsələr də, yenə də birjanın qəliz fəaliyyətini tam dəqiqliyi ilə anlamaq mümkün olmadı. Ona görə də qəliz terminlər işlətmədən, sadəcə onu qeyd edim ki, dünya maliyyə tarixində ən uğurlu bazar mexanizmlərindən sayılan London Birjasında alver elektron qaydada keçirilir. Yəni burda alver filmlərdə gördüyümüz kimi, hər kəsin bağıra-bağıra hansısa qiyməti təklif etməsi, nəyisə satıb nəyisə alması formasında aparılmır.
Amma hazırda Londonda cəmisi bircə belə “canlı” birja qalıbmış və bizi həmin birjaya da apardılar. Burada indi metal satışı həyata keçirilir. Satılan 6 metalın hər biri 5 dəqiqə ərzində satışa çıxarılır. Bu 5 dəqiqənin sonuncu anları o qədər gərgin keçir ki, hər saniyə brokerlərin bir-birinin üstünə hücum çəkib əlbəyaxaya çıxacağını gözləyirsən.
“Guadrdian”da reklam vermək Azərbaycan qəzetlərindən ucuz başa gəlir
Səfər zamanı nəinki Britaniyanın, həm də dünyanın ən məşhur media qurumları olan BBC və “The Guardian” redaksiyalarını gəzmək də nəsib oldu. “The Guardian”ın 4 mərtəbəli binasında bizi neçə illər qəzetə rəhbərlik edən Peter Preston gəzdirdi. 4 mərtəbəli geniş binada həm də “Guardian”nın bazar buraxılışı “The Observer”in redaksiyası yerləşirdi. Görüş zamanı bəlli oldu ki, hazırda çap mediasının ağır durumda olması “Guardian”dan da yan keçməyib. Həftəlik 220 min tirajla çıxan bu qəzetin 600 redaktoru var. Onun saytına gündə 4,6 milyon istifadəçi daxil olur. Qəzetin qiyməti bizim ölçülərə görə baha olsa da - 1,7 funt (təxminən 2 AZN), burda bir səhifəlik reklamın qiyməti 3 min funtdan baha deyil. Azərbaycanda isə bəzi qəzetlər yarım səhifəlik reklama 1000-1500 manat alırlar. Qəzetlərin ölçüsünü nəzərə alsaq, “Guardian”da reklamın daha ucuz başa gəldiyini demək olar. BBC-də isə biznesə aid proqramın efirində oldular. Dünya Bankının yeni başçısı Cim Yen Kim ilə canlı müsahibəsini də dinlədik. BBC-nin məşhur dairəvi binasının bir neçə mərtəbəsini gəzib BBC World və İngiltərə üzrə şöbələrinə də baş çəkdik.
Parlamentə bilet alıb gəzmək olar
Uzun illər Milli Məclisdə akkreditə olunmuş jurnalist kimi Britaniya parlamentin iclaslarının keçirdiyi qədim bina - Vestminster sarayında olmaq da maraqlı idi. Bu bina tarixi önəm kəsb etdiyindən, istənilən kəs bilet alıb saraya gəzə bilər. İçəri girən kimi hər kəsə ayrılan gid sarayın tarixi haqqında məlumat verir, hansı kralın hansı əsrdə hansı otaqda qaldığını göstərir. Turistlər çox asanlıqla Lordlar Palatasının iclas zalını da ziyarət edirlər. Yalnız Nümayəndələr Palatasının iclas günü onların otaqlarını gəzmək mümkün olmur. Amma iclas zalının qarşısında dayanıb Britaniyanın ən məşhur siyasətçiləri ilə görüşüb söhbət etmək, onların fəaliyyətini birbaşa izləmək mümkündür.
Uels – əjdahalar və mədənlər diyarı
Proqramın növbəti hissəsi Uels paytaxtı Kardiffdə keçdi. Londonla müqayisədə çox kiçik olan bu şəhər həm də sakitliyi ilə İngiltərə paytaxtından seçilirdi. Əgər London qaynar, turistlərlə dolu bir meqapolis təsiri bağışlayırdısa, 300 min əhalisi olan Kardiff daha çox yağışlı, tam yaşıl parkları və qədim qəsrləri ilə zəngin bir nağıl diyarına bənzəyirdi. Və hər yerdə də qonaqları şəhərin simvolu - əjdaha təsvirləri qarşılayırdı.
At öləndə araşdırma aparılıb, uşaq öləndə yox
Uels vaxtilə kömür mədənləri ilə məşhur olub. İndi kömürü xaricdən almaq daha çox sərf etdiyindən, ölkə rəhbərliyi mədənləri bağlayıb. Buna görə də işsizliklə bağlı problem yaranıb. Biz belə mədənlərdən birinə ekskursiyaya apardılar. Muzey halına salınan bu mədənlərdə pulsuz gəzmək mümkündür. Xüsusi avadanlıq geyinəndən sonra liftlə yerin altına - 90 metr dərinliyə düşüb kömür mədənlərini gəzirsən. Burda – havasız və təhlükəli şəraitdə bütöv ailələrin işlədiyi şəraiti görmək mümkündür. Mədələrdə hətta atların da tövlələri qalmaqdadır. Deyilənə görə, 70-80 il əvvəl burada işləyən atın hörməti uşaqlardan daha çox olubmuş. Çünki uşaq mədəndə öləndə araşdırma aparılmayıb, amma at öləndə əməlli-başlı tədqiqat qurulubmuş. Mədəndəki yerüstü muzeydə isə kömür çıxarılmasını simulyasiya edən studiyalar yaradılıb ki, ora düşəndə həqiqətən də ətrafda işçilərin kömür çıxardığını zənn edirsən. Kardiffdə hökumət nümayəndələri ilə görüş zamanı indiki durumu, problemləri haqqında xeyli məlumat aldıq. Açıq deyiməsə də, uelslilərin ingilisləri bəyənmədikləri hiss olunurdu. Hökumət üzvləri illər ərzində kömürdən gələn gəlirlərin mərkəzi hökumətə getdiyini, bölgənin özünə sərmayə kimi yatırılmadığını gileylənirdilər. Uelsdə keçirilən görüşlərdə bir maraqlı məqam da ondan ibarət idi ki, hökumət təmsilçiləri, QHT nümayəndələri və jurnalistlərin iqtisadiyyatla bağlı söylədikləri rəqəmlər (işsizlərin sayı, inflyasiya həddi və s) tamamilə üst-üstə düşürdü.
Yeni proqram elan ediləcək
Tomson Fondunun binasında keçirilən təlim proqramının sonunda azərbaycanlı jurnalistlərə sertifikat təqdim edildi. Təqdimat mərasimində çıxış edən Paşa Bank-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sona Abbasova bildirdi ki, tezliklə layihənin növbəti mərhələsi elan ediləcək. Və biznes jurnalistikasında oxşar təlim keçərək biliklərini artırmaq istəyən media nümayəndələri bu proqrama müraciət edə bilərlər.
|
Fərəh Sabirqızı