Modern.az saytı xəbər verir ki, mayın 12-də Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun ad günüdür, o 74 yaşını tamam edib.
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938–ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunub.
1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunur. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri eyni zamanda Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.
1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990–cı ilin may ayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan prezidenti seçilib.
1990–cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.
1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamından sonra Ali Sovetin növbədənkənar sessiyası Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da istefa verir.
Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalifdə olan Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən Moskvada yaşayır.
Hazırda Azərbaycan Sosial Demokrat Partiyasının həmsədridir.
Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edir.
A.Mütəllibovun ötən il avqustun 8-də 49 yaşlı oğlu Azad Mütəllibovun vəfatı ilə əlaqədar Bakıya gəlməsinə icazə verilmilmişdi. Oğlunun qırxı çıxandan sonra, sentyabrın 18-də o, Rusiyaya qayıdıb.
20 ildir Moskvada mühacirət həyatı yaşayan sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana həmişəlik qayıtması məhz “Eks-prezidentlər haqqında” qanun qəbul olunarsa, reallaşa biləcək. Hələlik isə sözügedən qanun layihəsinin may ayında sonuncu dəfə Milli Məclisdə yenidən gündəmə gətiriləcəyi gözlənilir.
Modern.az