Ötən gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov mediaya açıqlamasında dövlət komissiyasından keçməyən binalardan mənzil almağın cinayət olduğunu bildirmişdi.
Araşdırmalar göstərir ki, hazırda vətəndaşların mənzil aldıqları yeni binaların heç də hamısı dövlət komissiyasından keçməyib. Bu cür vəziyyətdə belə çıxır ki, həmin mənzillər qanunsuz alınıb. Və ev sahibləri də bu və ya digər mənada cinayətkar sayılırlar.
Məsələyə aydınlıq gətirmək üçün Modern.az mütəxəssislərə müraciət etdi.
İqtisadçı Nazim Məmmədov deyir ki, qanunsuz hesab olunan binalar əslində tam qanuni hesab olunur.
“Mən Bakı şəhər İcra Hakimiyyəti başçısının fikirlərinə şərh vermək istəməzdim, ancaq qanunsuz hesab olunan binalar əslində tam qanunidir. Və o binaların istismara götürülməməsi birbaşa Bakı Şəhəri İcra Hakimiyyətinin bu və ya digər formada sahibkarlardan qarşısında qanunsuz tələblər irəli sürməkdən qaynaqlanır. Vətəndaşların isə tikinti koperativlərində payçı olaraq vəsait ödəmələri və tikiləcək binada ev sahibi olmaları müqavilə əsasında tam Mülki Məcəlləyə uyğundur. Bu Azərbaycan qanunları və müqavilə ilə tənzimlənir. Və Ədliyyə Nazirliyində qeydiyatdan keçmiş hüquqi şəxslər, tikinti koperativləri müxtəlif payçıların vəsaiti hesabına binalar inşa edirlər. İnşa etməmişdən qabaq həmin Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə torpaq ayrılması, tikintiyə başlaması üçün sərəncamlar olur”.
İqtisadçı hətta bu sahədə nəzarət qrupunun olduğunu da bildirdi: ”Eyni zamanda hər ay həmin tikintilərdə tikinti müfəttişliyi tərəfindən tikintinin keyfiyyətinə nəzarət olur. Qeyd edim ki, Fövqaladə Hallar Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi və digər qrumlar verilmiş səlahiyyətlər çərçivəsində qanunla o binaların tikildiyi və başa çatdığı zaman istismara qəbul edilməsi ilə bağlı müvafiq aktlar tərtib edirlər və yoxlamalar aparırlar. Ona görə vətəndaşları cinayət törtmiş kimi təqdim eləmək ən azı insafsızlıqdır və düzgün olmayan ifadədir. Mən güman edirəm ki, Azərbaycan qanunvericiliyi mənzil tikintisində bir çox sərtləşməni aparmalıdır. Ancaq bu, tikinti koperativlərinin və vətəndaşlrın mənafeyini azaltmaq istiqamətində yox, daha çox tikintiyə nəzarət edən, insanların və şirkətlərin fəaliyyətinə təsir edən qanunsuz yoxlamaları azaltmalı, belə halları sıfıra endirmək istiqamətində olmalıdır”.
Əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə tikinti işləri tamamlanan binalarda alış qabiliyyətinin heç də aşağı olmadığını bildirir.
”Bakı şəhərində yeni çoxmərtəbəli yaşayış binalarının tikintisi 1998-ci ildən başlayıb. 1998-cildən 2012-ci ilin birinci rübünə kimi bizim qurum tərəfindən 1000-dən çox belə çoxmərtəbəli bina qeydə alınıb. Bunların əksər hissəsi tikilib tamamlanıb. Bir qismində isə tikinti tamamlanma işləri aparılır. Tamamlanan binalarda satılmayan mənzillərin payı 3% həcmindədir. Qalanı isə satılıb və demək olar ki, bu binaların 50%-də yaşayış var.
Ancaq tikintisi tamamlanmayan binalarda satılmayan mənzillərinin sayı 45-50% arasındadır. Və bu binaların böyük əksəriyytində son tamamlanma, montaj işləri aparılır. Yəni özülü qoyulan binaların sayı əvvəlki illərlə nisbətdə həddindən artıq aşağıdır”.
Şahanə RƏHİMLİ