Zaqatalada baş verən güclü zəlzələ bütün dövlət nümayəndələrini bölgəyə getməyə vadar etdi. Birinci zəlzələ zamanı 20 kəndə ciddi ziyan dəymişdisə, sonrakı zəlzələdə isə rayonun təxminən 90 faizində evlər qəzalı vəziyyətə düşdü. Dağılmış və qəzalı evlərin sakinlərini yerləşdirmək üçün çadırların qurulmasına başlanıldı. Zəlzələ baş verən Zaqatala rayonuna hadisə yerinə mütəxəssislərlə yanaşı millət vəkilləri də baş çəkib.
Təbii fəlakət baş verən zonada bölgədən deputat seçilmiş Hikmət Atayev də olub.
Onun Modern.az-a bildirdiyinə görə, zəlzələ baş verən vaxt o Zaqatalada olub: “Zəlzələ olan vaxt mən royonda xəstəxanada idim. Həmin an xəstələrin hamısını çölə çıxardıq. Zəlzələdən bir saat sonra mən bizə cadırlar göndərilməsi üçün müraciət etdim. Qızıl Aypara Cəmiyyəti xəstələr üçün çadırlar göndərdi. Sonra qızımla birgə kəndlərə getdik. Gecə saat 4-də kənd sakinlərinin hamısı çöldə idi. Evlərinə girməyə qorxurdular. Müxtəlif şayiələr yayılırdı. Hamı məlumatsız idi. Mən də bildirdim ki, lazım olan tədbirlər görüləcək. Ora da qızımla getməyimin səbəbi insanlardakı panikanı azaltmaq idi. Mən də bildirdim ki, əgər təhlükəli bir şey olarsa, bura qızımla gəlməzdim”.
Millət vəkili onu da bildirdi ki. Zaqatalada zəlzələ olan andan 2000 çadır qurulmalı idi. Çadırların quraşdırılmasında yalnız bir problem var idi: “Kənd sakinlərinin əksəriyyəti maldarlıqla məşğul olduğundan saxladıqları mal-qaraya baxmaqdan ötrü istəyirdilər ki, cadırları evlərinin yanında qurulsun. Amma bu çadrların açıq yerdə və bir-birinə yaxın qurulması daha məsləhət idi. Çünki, insanların hamısı bir yerdə olanda onların su, işıq, tibb təminatı asanlaşır. Gecə-gündüz bu iş gedir. Sadəcə olaraq cadırların hamısı eyni vaxtda qurulmur. Düzdür, problemsiz ola bilməz. Amma, bu insanlar müəyyən müddət cadırlarda yaşamalı olacaqlar. Bu insanların evlərinin yenidən bərpası üçün infrastrukturun yaranması müəyyən vaxt aparacaq. Çünki tikinti vaxt aparan bir prosesdir”.
Zəlzələ zamanı xəsarət alanların olmadığını deyən Hikmət Atayev evlərini tərk edərkən sıxlığa düşüb zədə alanların xəstəxanaya müraciət etdiklərini bildirdi. Daha çox isə xəstəxanaya həyəcandan əsəb gərginliyi, özündəngetmə halı ilə müraciətlər olub.
“Amma həmin gün prezidentin gəlişi insanlara ruh yüksəkliyi verdi”-deyə deputat bildirib. Qax rayonundan seçilən deputat Azər Kərimov da zəlzələdən ziyan çəkmiş kəndlərdə olub. Millət vəkili Zaqatalada bütün ailələrin çadırla təmin olunduğunu bildirib. Onun sözlərinə görə, ərzağın paylanılmasında heç bir gecikmə olmur:
“Sadəcə olaraq kənd sakinləri zəlzələ zamanı stress keçirmişdilər. Amma prezidentin bölgəyə gəilişi ilə bu vəziyyət də aradan qalxdı. İndi yalnız bir problem var ki, sakinlər evləri tikiləndək üç ay müddətində çadırlarda qalmalı olacaqlar”.
Gültəkin Ələsgər