“Eurovision-2012” Mahnı Müsabiqəsinin Mətbuat Mərkəzi bu gündən yerli və xarici jurnalistlərin istifadəsinə verilib. Modern.az-ın məlumatına görə, Mətbuat Mərkəzi dizaynı, jurnalistlər üçün yaradılmış şəraiti, xüsusi yaradılmış "Radio otaqlar"ı, mətbuat konfransı zalının tərtibatı və s. ilə fərqlənir. Diqqət çəkən məqamlardan biri isə təmsilçilərlə müsahibə və istirahət otaqlarının özünəməxsus adlandırılmasıdır. Mətbuat Mərkəzində jurnalistlər Azərbaycan və paytaxt Bakıya bir növ səyahət imkanı da əldə edəcəklər.
“Eurovision” mahnı müsabiqəsinin təşkilatı işlər üzrə rəhbəri Sietse Bakker hər kəsi Azərbaycanda salamlayıb.
"Mən hamını-nümayəndə heyətlərini, media mənsublarını və fanatları Bakıda salamlayıram. Çalışın bu hadisədən həzz alın", - deyə S. Bakker bildirib. S.Bakker mayın 13-dən istifadəyə verilən Mətbuat Mərkəzinin üstünlüklərindən də danışıb:
"Bakıdakı Mətbuat Mərkəzi bizim gördüyümüz “Eurovision” Mətbuat mərkəzləri arasında ən yaxşısıdır".
O, qarşıdakı bir neçə həftə ərzində Bakıya gələcək şəxslərin “Eurovision-2012”yə hazırlıqlardan, Bakıda gördüklərindən məmnun qalacaqlarını bildirib.
Mətbuat Mərkəzində «Qarabağ», «Gəncə», «Şəki», «Quba», “Naxçıvan”, “Şəki”, “Qəbələ”, “Xaqani”, “Nizami”, “Sabir”, “Xətai” adlı otaqlar da fəaliyyət göstərir. Azərbaycandakı Mətbuat Mərkəzinin xaricində quraşdırılan monitorda Azərbaycan bayrağı dalğalanır. “Baku Crystal Hall”ın meydanında quraşdırılan işıqlı qlobusda isə iştirakçı ölkələrin bayraqları nümayiş etdirilir.
Qeyd edək ki, Mətbuat Mərkəzində daha bir üstünlük media mənsubları və fanatların səs verəcəkləri “Fandesk”dir. İlk dəfə Azərbaycanda səsvermə yeni proqramla həyata keçiriləcək.
“Eurovision 2012”nin Mətbuat Mərkəzində müsabiqə müddətində yerli jurnalistlərlə birgə 1500-dən çox jurnalist çalışacaq. Bu sözləri “Eurovision” Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand deyib. Onun sözlərinə görə, “Eurovision” Mahnı Müsabiqəsini işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən çoxsaylı jurnalistlər Azərbaycana gəlir.
"Biz Bakıdakı müsabiqəni 1500 jurnalistin işıqlandıracağını bilirik. Amma bu say fanatlarla bərabər təxminən 2000-ə yaxın olacaq. İştirakçı ölkələrin nümayəndə heyətləri isə 1000 nəfərdir".
Y.O.Sandın sözlərinə görə, jurnalist, fanat və nümayəndə heyətlərinin sayı 3000 insanın Bakıya gələcəyindən xəbər verir