Modern.az-ın məlumatına görə, Almaniyanın Köln şəhərində keçirilən Avropa Türk-İslam Birliyinin 20-ci qurultayında iştirak edən millət vəkili Qənirə Paşayeva Almaniyada və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən Türk təşkilatlarının rəsmiləri ilə görüşüb. Millət vəkili ilk olaraq Avropa Türk-İslam Birliyinin yeni rəhbəri İhsan Öner, sabiq sədri Selahhetin Sayqın, qurucu lider Musa Sərdar Çələbi və təşkilatın idarə heyəti üzvləri, gənclər və qadın qolları ilə görüşüb. Görüş zamanı millət vəkili deyib ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Türk kökənli diasporlar Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması ,“qondarma erməni soyqırımı”na qarşı mübarizə aparmaq üçün birlikdə çalışmalarını sürətləndirməlidirlər.
Deputat Avropa Türk-İslam Birliyinə Azərbaycana, onun haqlı davasına hər zaman göstərdiyi diqqətə görə təşəkkür edib. Q.Paşayeva “Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu” İB adından Avropa Türk-İslam Birliyinin yeni rəhbəri İhsan Öner, sabiq sədri Selahhetin Sayqın, qurucu lider Musa Sərdar Çələbiyə Azərbaycanla bağlı geniş materiallar da təqdim edib.
Avropa Türk-İslam birliyinin yeni sərdi İhsan Öner isə bəyan edib ki, təşkilat indiyə qədər olduğu kimi bundan sonra da daim Azərbaycanın həqiqətlərinin daha geniş yayılması, Dağlıq Qarabağ probleminin həlli istiqamətində öz səylərini daha da artıracaqlar. Avropa Türk-İslam Birliyinin qurucu lider Musa Sərdar Çələbi isə qardaş Azərbaycanın Qarabağ ağrısının onların da ağrısı olduğunu bildirib və Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Azərbaycan həqiqətlərinin Avropada daha geniş yayılması işində əllərindən gələn dəstəyi bundan sonra da hər zaman göstərəcəklərini deyib.
Görüşün sonunda “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə hazırlanmış “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminın və Xocavənd rayon icra hakimiyyətinin millət vəkili Qənirə Paşayevanın “Ruhum Qarabağlıdır” şeirlər silsiləsi əsasında hazırladığı “Ruhum Qarabağlıdır” filminin nüsxələri, Qarabağ həqiqətləri ilə bağlı materiallar, millət vəkili Qənirə Paşayeva və Şərq qəzetinin baş redaktoru Akif Aşırlının həmmmüəllif olduğu “Erməni soyqırımının qurbanı-Bağanıs Ayrım” kitabı Avropa Türk-İslam birliyinin rəsmilərinə təqdim edilib.
Avropa Türk İslam Kültür Dərnəkləri başqanı Yakub Tufan, Almaniya Alevi İslam Birliyi başqanı Alişan Hızlı və bir sıra digər təşkilat rəsmiləri ilə görüşüb və fikir mübadiləsi aparıb.
Almaniyaya səfəri çərçivəsində millət vəkili Qənirə Paşayeva Büyük Birlik Partiyasının (BBP) başqanı Mustafa Destici ilə görüşüb. Görüşdə türk dünyasının birgə fəaliyyətinin vacibliyi və əhəmiyyəti barədə danışan Mustafa Destici partiyasının bu günə qədər olduğu kimi bundan sonra da daima qardaş Azərbaycanın yanında olacağını və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəyini bildirib.
Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən M.Destici iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafının vacibliyini xüsusi vurğulayıb.
Millət vəkili Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu vurğulayıb. “Türkiyə nə qədər güclənərsə, Azərbaycan da o qədər güclənib deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir” -millət vəkili Qənirə Paşayeva belə deyib. Millət vəkili Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə Azərbaycan və türk diaspora təşkilatlarının birgə hərəkət etmələrinin vacibliyini qeyd edib.
Q.Paşayeva Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə, öz yurd-yuvasına dönə bilməməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, yəni Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə məlumatlar verib.
Görüşün sonunda millət vəkili Mustafa Desticiyə Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar da təqdim edib.
Modern.az