Modern.az

Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”

Nizami Cəfərov: “Faktiki olaraq bu, repressiyadır”

18 May 2012, 10:46

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, parlamentdə birinci oxunuşdan keçən «Mədəniyyət haqqında» yeni qanun layihəsi mədəniyyət hüququnun təmin olunması məqsədi ilə dövlət mədəniyyət siyasətinin əsas prinsiplərini, dövlət mədəniyyət fəaliyyətinin formalarını, təşkilati, hüquqi, iqtisadi əsaslarını, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlərin hüquqlarını, vəzifələrini, həmçinin, mədəniyyət işçilərinin statusunu müəyyən edir.

N.Cəfərov hakim partiyanın saytına müsahibəsində deyib ki, mədəniyyət sahəsində yeni qanunun hazırlanması üçün ciddi zərurət var idi.

”Son 10 ildə Azərbaycan mədəniyyətinin inkişafı təkidlə tələb edirdi ki, yeni qanun qəbul olunsun. Ötən əsrin 90-cı illərinin ortalarında ölkədə mədəniyyətin həm maddi bazası, həm də ümumi sosial hazırlığı kifayət səviyyədə deyildi. İndi Azərbaycanda çox ciddi irəliləyiş var - muzeylərimiz, teatrlarımız bərpa olunub, yaradıcılıq ittifaqları ayağa qalxıb. Son zamanlar Azərbaycanın mədəni irsinin dünyada təbliği istiqamətində xeyli işlər görülür. Bu təbliğatı daha geniş formada aparmaq üçün xarici ölkələrdə Azərbaycanın mədəniyyət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, hesab edirəm ki, ölkədə prodüser institutunun inkişafı da vacibdir. Bu məsələlər yeni sənəddə öz əksini tapır. Həqiqətən də, biz əvvəl istəyirdik ki, mövcud qanunda müəyyən dəyişikliklər edək. Amma nəzərdə tutulan və zəruri olan dəyişikliklərin xeyli çox olması yeni qanunun hazırlanmasını vacibliyini gündəmə gətirdi. Yeni qanunda Azərbaycan mədəniyyətinin maddi təminat məsələləri öz əksini tapır. Eyni zamanda, mədəniyyətimizin beynəlxalq miqyasda təbliği, dünya mədəniyyətinin ölkəmizdə təbliğatı ilə bağlı görülən işlərin miqyası o qədər çoxdur ki, bütün bunlar yeni qanunauyğunluqlar, yeni prinsiplər diqtə edir.
Qanunda mədəniyyət təşkilatlarına dair müddəalar da öz əksini tapır. Çünki mədəniyyət təşkilatlarının öz qanunauyğunluqları var. Belə ki, yeni qurumların yaranır və bu da mədəniyyət və incəsənətin kütləviləşməsinə özünün müsbət təsir göstərir. Bütün bunlardan əlavə, hesab edirəm ki, qanundakı bəzi anlayışlar da dəqiqləşməlidir. Biz hazırda ikinci oxunuş üçün həmin anlayışlar üzərində çox dayanırıq, onları dəqiqləşdiririk. Amma ən önəmlisi odur ki, yeni qanun mədəniyyətin inkişafı və qanun yaradıcılığı üçün materiallar verir”.

N.Cəfərovun sözlərinə görə, qanun layihəsinin ikinci oxunuşa hazırlanması istiqamətində işlər gedir. Deputat adlar və soyadlarla bağlı məsələyə də münasibət bildirib.

Həqiqətən də bizdə elə nəsillər olub ki, rus soyad formalarını – “ov”- “yev”i, - XIX əsrdə qəbul edib, sovet dövründən əvvəl, XX əsrin əvvəllərində qəbul edənlər olub. Amma sovet dövründə bu proses dövlət səviyyəsində həyata keçirilib. Bunun mahiyyətinə insanlar o qədərə varmasa da, faktiki olaraq bu, repressiyadır. Yəni, sənin mövcud olmuş soyad sistemin aqressivcəsinə dəyişdirilir, özü də bu xalqa, nə erməniyə, nə gürcüyə yox, məhz bizə bu tətbiq olunur. İndi biz bunun qarşısını almalıyıq, ya yox?
Sadəcə, burada soyad seçmə imkanlarını müəyyən qədər yumşaltmaq lazımdır. Bəlkə bu, elə xalqın ixtiyarına verilməlidir. Eyni zamanda, elmi, mədəni tövsiyələr olmalıdır, necə ki, bizim Milli Elmlər Akademiyası belə bir tövsiyələr verib. Hətta ola bilsin ki, burada heç qanuna və qərara da ehtiyac yoxdur. Amma bununla yanaşı, bu tövsiyə olunmuş modellər cəmiyyətə çatdırılmalıdır”.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza