Modern.az

Azərbaycanda turizm obyektləri – bahalaşma var, ucuzlaşma?

Azərbaycanda turizm obyektləri – bahalaşma var, ucuzlaşma?

Təhsil

21 May 2012, 16:25

İstirahət mövsümünün başlamasına az müddət qalıb. Bu isə o deməkdir ki, bütün turizm obyektləri öz qapılarını müştərilərin üzünə açacaq. Amma Azərbaycanda turizm dövrü əsasən yay aylarına düşdüyündən, ilin qalan aylarında turist şəbəkələri və otellər əsasən boş qalır. Bununla belə? ölkəmizdə hələ də turizim qiymətləri baha olması ilə seçilir. Məsələn, Azərbaycanda otellərin qiyməti Gürcüstanda olduğundan iki dəfəyə qədər bahadır. Belə vəziyyət isə istər-istəməz ölkəyə turist axınının qarşısını alır. Çünki onlar əsasən sərfəli və keyfiyyətli yerlərə üz tutur. Azərbaycanda isə turizm obyektlərində qiymətin baha olması bir yana, keyfiyyət baxımından da ürəkaçan mənzərə nəzərə çarpmır.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev mətbuata açıqlamasında dəfələrlə vurğulayıb ki, cari ildə otel və turizm obyektlərində qiymətlər xeyli aşağı düşəcək. Amma görünən mənzərə bunun əksini deyir. Bundan başqa, bu il “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi də istər-istəməz qiymətlərə təsir göstərib. Belə ki, bir sıra otellərdə qiymətlər əvvəlkinə nisəbətən qalxıb.

Modern.az-ın əməkdaşı bu məsələni araşdırmağa çalışıb. Bununla əlaqədar olaraq öncə  Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən Zöhrə Əliyeva ölkəmizdə fəaliyyət göstərən otellərin elə də baha olmadığını deyib. Onun sözlərinə nazirlik özəl sektora təsir edə bilmir:

“Biz araşdırmışıq və özümüz də monitorinqlər aparırıq. Deyirlər ki, guya “Eurovision” ərəfəsində Azərbaycanda turizm və otellər bahalaşıb. Amma bu heç də belə deyil. Əslində ölkəmizdə fəaliyyət göstərən otellərin qiyməti standart qiymətlərdir. Onlayn alınan biletlər var ki, onlar korporativ qiymətlərə gəlib düşür. Bu əslində bazardır və nazirlik bazarı tənzimləmir. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz bazara təsir edə bilmərik. Çünki biz bazarı tənzimləmirik. Onlar hamısı şirkətlərdir və özləri bilirlər necə qiymət olmalıdır. Bazara baxır və ona uyğun qiymət qoyurlar. Əgər gedən varsa, bazar bunu müəyyənləşdirirsə, demək ki, qiymət normaldır. Ümumiyyətlə, son vaxtlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Eurovision” ərəfəsində və yay mövsümü ilə bağlı onlara tövsiyyə olunub ki, qiymətləri aşağı olsun”.

Z.Əliyeva deyib ki, Azərbaycanda qiymətlər heç də Avropadan baha deyil:

“Bizim qiymətlər standartlar səviyyəsinə qədərdir. Özümüz də tez-tez Avropaya səfərlərə, ezamiyyətlərə gedirik. O zaman görürük ki,  heç də bizim otellərin və turizmin qiymətləri onlardan yüksək deyil. Bütün dünyada belədir ki, bayram ərəfəsində qiymətlər artır və bu da normaldır. Bundan başqa, turizm sektoru bizdə qeyri-neft sektorudur. Təzə sektor olduğu üçün vəziyyət normaldır”.
Turizm Universitetinin müəllimi Bahadur Bilalov ölkədə yetərincə istirahət mərkəzinin olmadığını deyib. Bundan başqa, o bildirib ki, turizm obyektlərinə bir sıra təsirlər olur ki, bu da onlarda qiymətin artımına səbəb ola bilir:

“İstirahət mərkəzlərinin əksəriyyəti yay mövsümündə cəmi 1 ay yarım və yaxud 2 ay işləyir. Həmin istirahət mərkəzlərinə dolayısı yollarla çoxlu təsirlər olduğundan və əhalinin tələbatına cavab verən sayda olmadığı üçün qiymətlər bahadır. Yəni bazar özü də bunu nizamlamalıdır. Digər ölkələrlə müqayisədə bizim ölkədə kifayət qədər istirahət mərkəzi yoxdur. Ona görə də sahibkar istədiyi qiyməti qoyur və görəndə ki, həmin qiymətə insanlar gəlib orda istirahət edirlər, o belə də davam edir. Bazarın qaydası budur ki, heç kim məhsulu satıldığı halda onun qiymətini aşağı salmaz. Bizdə kifayət qədər istirahət mərkəzi, mehmanxana olsa və onlar boş qalsa, təbii ki, onda qiymətlər də aşağı düşəcək. Qonşu ölkələrlə müqayisədə Azərbaycanın turizm məhsulu bahadır. Belə ki, qiymətlər Gürcüstan və Türkiyədə bizdən xeyli ucuzdur. Bunun da obyektiv və subyektiv səbəbləri var”.
B.Bilalov “Eurovision”la bağlı qeydiyyatdan keçən 6000-ə yaxın xarici vətəndaşın olduğunu deyib: “Onlar Azərbaycan mehmanxanalarında qeydiyyatdan keçiblər. Kirayə evlərdə də qalanlar var. Lakin buna baxmayaraq, bu dəqiqə otellərin böyük əksəriyyəti boşdur. Hansı mehmanxanaya müraciət etsəniz, orada yer tapmaq mümkündür. Qiymətin aşağı-yuxarı olması bu məsələlərə təsir etmir”.

Anar Kəlbiyev
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza