“Müsavat Partiyasının qurultay keçirmək üçün təklif olunan yerlərdən birini götürüb orada həmin tədbiri reallaşdırması bu partiyada onun yaxın zamanlarda tamamilə siyasət gündəmindən çıxması kimi qəbul edilir”. Bunu Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova Müsavat Partiyasının öz qurultayını Türkiyə və ya Gürcüstanda keçirmək barədə qərar verməsini şərh edərkən bildirib. Vitse-spiker deyib ki, Müsavat rəhbərliyindəki şəxslər və bu partiyanın əksər üzvləri bunu məhz belə qəbul edirlər:
“Çünki onlara təklif olunan ünvanda mitinqlərini keçirdilər və mitinqlərinin söylədikləri kimi alınmadığını görüb, indi başqa yol tutublar. Eləcə də düşünürlər ki ,əgər bunlara təklif olunan yerdə qurultaylarını keçirsələr, bu, çox sakit bir tərzdə keçəcək, bəlkə də kimlərsə Müsavatın rəhbərliyinin dəyişdirilməsi məsələsini ortaya atacaq və bununla da bir çoxlarının “ulduz”ları sönəcək. Ona görə də bunu etməmək və bunun ətrafında hay-küy yaratmaq, bu kimi təklifləri ortaya atmaq onlara daha maraqlı, daha cəlbedici görünür. Onlar həmçinin hesab edirlər ki, bununla daha çox siyasi gündəmdə qala bilərlər”.
Vitse-spiker hesab edir ki, bu, düzgün deyil. “Özünün məhdud sosial bazası ilə heç bir şey edə bilmədiyini boynuna almaq istənilən siyasətçi üçün məhv olmaq deməkdir. Onlar da bundan qaçmaq üçün bu cür müxtəlf fikirlər ortaya atırlar. Hər halda bunları Azərbaycan gündəmində qalmaqdan ötrü göstərilən cəhdlər kimi qəbul edirik”-deyə, B. Muradova bildirib.