Modern.az

“Azərsu” “Eurovision”a görə gücləndirilmiş rejimdə çalışacaq

“Azərsu” “Eurovision”a görə gücləndirilmiş rejimdə çalışacaq

21 May 2012, 17:19

“Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Modern.az-a qurumun mətbuat  xidməti məlumat verib.  Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində müvafiq Komissiya və Qərargah yaradılıb, qısa müddətdə Tədbirlər Planı hazırlanaraq onun icrasına başlanıbdır. İlk növbədə xarici qonaqların yerləşəcəyi mehmanxanaların, ictimai iaşə obyektlərinin, əyləncə və ticarət  mərkəzlərinin ünvanları müəyyən edilmiş, həmin obyektləri su ilə təchiz edən anbarların, boru xətlərinin, məhəllədaxili nasos stansiyalarının və digər qurğuların siyahısı dəqiqləşdirilərək onların təhlükəsizliyi və istismarına diqqət artırılıb. Müsabiqə zamanı qonaqları qəbul edəcək otellərin su anbarlarının vəziyyəti bir daha təftiş edilib, onların giriş borularının diametri, gündəlik su sərfi və alternativ giriş xətlərinin imkanları araşdırılıbdır.

Müsabiqə ərəfəsində, eləcə də yarış günlərində su və kanalizasiya sisteminin   davamlı iş rejimini təmin etmək üçün növbətçilik qrafiki hazırlanmış və müəyyən olunmuş yerlərə növbətçi məsul şəxslər təyin edilib.

İstehlakçılara verilən içməli suyun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə magistral kəmərlərdə təmir-bərpa, anbarlarda profilaktika işləri aparılıb. Belə ki, İ. Nəbiyev 2A ünvanında yerləşən su anbarı, “+ 69 Qərb” su anbarı bütünlüklə, “+160 Qərb” su anbarının əsas seksiyaları yuyularaq dezinfeksiya edilibdir. Tərtib olunmuş qrafikə uyğun olaraq yuyulub-zərərsizləşdirilmiş anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında istismara buraxılıbdır. Bu istiqamətdə görülmüş işlərin davamı olaraq anbarlar lazımi reagent və reaktivlərlə  təmin edilibdir.
Müsabiqə ərəfəsində  əhalinin içməli su təchizatının yaxşılaşdırılması, paytaxtın yol infrastrukturunun yenidən qurulması nəzərə alınaraq yeni xətlər çəkilmiş, həmçinin təmir-bərpa işləri aparılıbdır. Suyun səmərəli paylanması məqsədilə Səbail rayonu “Ramada” oteli və “Dostluq” istirahət mərkəzinin yaxınlığından keçən magistral xəttin üzərində yeni siyirtmə quraşdırılıb, A. Abbaszadə və M. Müşfiq küçələri boyunca 2100 metr uzunluğunda xəttin inşası başa çatdırılıbdır. “+110 Qərb” və “+ 69 Qərb” su anbarları arasında inşa edilmiş 1200 mm diametrli əlaqələndirici xətt istismara verilibdir.

Təmir-bərpa işlərinin operativliyinin təmin edilməsi və onlar arasında etibarlı kommunikasiya əlqələrinin təşkil edilməsi məqsədi ilə operativ qəza-bərpa qrupları yaradılıb. “Bakı Sukanal” İdarəsinin təqdim etdiyi  arayışa əsasən 8 qəza-bərpa qrupunun  hər biri üçün dislokasiya yeri müəyyən edilib, onlar lazımi texnika və avadanlıqla təchiz edilibdir.  Qəza-bərpa qrupları ilə Qərargah arasında  etibarlı kommunikasiya əlaqələrinin təşkil edilməsi və zəruri informasiyaların operativ ötürülməsi məqsədi ilə müsabiqə ərəfəsində müvafiq səlahiyyətli şəxslər rabitə vasitələri ilə təmin edilib. Mahnı müsabiqəsinin keçirildiyi günlərdə su anabarlarının mühafizəsini tam təmin etmək məqsədi ilə mühafizə olunan bina və qurğularda mühafizə xidməti əməkdaşları  xüsusi təlimatlandırılıb və gücləndirilmiş iş rejiminin tətbiq olunması diqqətə çatdırılıbdır. “Azərsu” ASC istehlakçılardan xahiş edir ki, müsabiqənin keçirildiyi günlərdə  su təchizatı və kanalizasiya xidmətləri ilə əlaqədar yarana biləcək hər hansı problemlə bağlı dərhal 955 saylı “Qaynar xətt” xidmətinə  məlumat versinlər.   

 

 

 

 

 

 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza