Modern.az

Mübariz Qurbanlı: “Bütün bunların arxasında İsa Qəmbər dayanır”

Mübariz Qurbanlı: “Bütün bunların arxasında İsa Qəmbər dayanır”

22 May 2012, 11:49

YAP-çı deputat: “Müsavat qurultayını harada istəyir, keçirsin”

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Müsavat Partiyasının xaricdə qurultay keçirməsi ilə bağlı məsələyə münasibət bildirib. Deyib ki, Müsavat Partiyası qurultay adı altında siyasi alverlə məşğuldur:

“Müsavat Partiyası qurultay məsələsi ilə özünə siyasi divident qazanmaq istəyir. Müsavat tərəfindən qurultay adı altında siyasi alver və təbliğat kampaniyası aparılır. Onların bu gün Azərbaycanda qurultay keçirməsi ilə bağlı heç bir problemi yoxdur. Onlar qurultayı istənilən yerdə keçirdə bilərlər. Sadəcə, qəsdən belə qələmə verməyə çalışırlar ki, guya Azərbaycanda qurultay üçün ciddi əngəllər yaradılır. Onlar bilərəkdən xarici mətbuata bununla bağlı həqiqətə uyğun olmayan məlumatlar verməyə çalışırlar”.

Deputatın fikrincə, yaranan bütün bu problemlərin kökündə Müsavat başqanının partiya sədrliyində saxlanması məsələsi dayanır. Qurultayın Gürcüstan və Türkiyədə keçirilməsi ilə bağlı məsələyə toxunan M.Qurbanlı hesab edir ki, Müsavat qurultay keçirtmək məsələsində azaddır, istənilən yerdə tədbir keçirdə bilər.

“Müsavat Partiyası qurultayının Gürcüstan və Türkiyə keçirməsinin ən başlıca səbəbi odur ki, onlar ictimaiyyət arasında qurultaya yer verilmədi deyə, rəy yaratmağa çalışırlar. Mən onların da daxili işinə qarışmaq istəmirəm. Amma hesab edirəm ki, bütün bu addımlar Müsavat başqanı tərəfindən qəsdən atılır. Azərbaycanda da kimlərsə gəlib qurultay keçirə bilər. Başqa bir ölkənin təşkiları da qurultay üçün Azərbaycana müraciət etsə, gəlib tədbirlərini burada keçirə bilərlər. Bu baxımdan hər kəs azaddır. Müsavat Partiyası da qurultayını harda istəyir, orada keçirə bilər. Onlar qurultay adı altında hay-küy yaratmaq istəyirlər. Hesab edirəm ki, bu Müsavatın yeni gedişidir”-deyə YAP funksioneri vurğulayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza