“70 illik fərqli və qapalı rejimdə yaşadıqdan sonra demokratiyanın inkişafı çətin prosesdir”. Modern.az bildirir ki, bu sözləri ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koral Tarqay Lənkəranda ATƏT-in Qanunun Aliliyi Resurs Mərkəzində yerli QHT nümayəndələri ilə görüşüşü zamanı bildirib.
QHT nümayəndələri ilə görüşündə səfir deyib ki, insan haqları və demokratiya ATƏT-in əsas prinsiplərindəndir.
“Xalqın proseslərə müdaxiləsi çox mühüm, öz huquqlarını bilməsi çox vacibdir”-deyən Tarqayın sözlərinə görə, bölgələrdə kiçik və orta sahibkarlığı dəstəkləmək çox vacibdir. Vətəndaşın öz huquları uğrunda mübarizəsinə önəm verdiyini vurğulayan ATƏT-in Bakı Ofisinin rəhbəri demokratik prinsiplərin bərqərar olması üçün bir neçə aspektin mühüm rol oynadığını bildirib.
“Bu ölkədə demokratiya təkcə mitinq və nümayişlərdən deyil, həm də fərdin öz huququna sahib çıxmasından keçir. Təbii, mitinqlər də vacibdir”-deyə o vurğulayıb.
Azərbaycanda korrupsiya ilə bağlı mübarizədə müsbət nəticələrin əldə olunduğunu bidirən səfir rüşvətin kökünün kəsmək üçün vətəndaş mövqeyinin əhəmiyyətli olduğunu deyib. “Korrupsiya bütün ölkələrdə var. Buna qarşı mübarizəyə xalq sahib çıxmalıdır. Əgər cəsarətiniz varsa, o zaman korrupsiyaya qalib gəlmək olar”-deyə Tarqay bildirib.
Bölgədə medianın vəziyyəti ilə bağlı danışan səfir araşdırma jurnalistikasının zəif olmasından narazlıq edib. Çıxş edən QHT rəhbərləri öz təkliflərini veriblər və problemlərindən danışıblar.
Qeyd edək ki, dünəndən Lənkəranda olan Tarqay şəhər İcra Hakimiyyətinin başçısı və polis rəisi ilə görüşüb. Polis idarəsinin təcridxanasına baxş keçirib.
Xaqani SƏFƏROĞLU