Modern.az-ın məlumatına görə, mayın 23-də Azərbaycan Dillər Universitetində “Eurovison 2009” musiqi yarışmasının qalibi Aleksandr Rıbakla görüş keçirilib.
Aleksandr Rıbak ilk öncə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşüb. Qonağı salamlayan rektor S.Seyidov A.Rıbaka tələbələrin onu səbirsizliklə gözlədiyini bildirib. Rıbakın “Eurovision” üçün çox iş gördüyünü deyən S.Seyidov qeyd etdi ki, onun qələbəsindən sonra bu müsabiqə daha məşhur olub. ADU-nun rektoru Azərbaycanın tarixi yerlərinin şəkilləri olan kitabı qonağa təqdim edib.
Daha sonra müğənni ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. Görüşdə ADU-nun rektoru, professor Səməd Seyidov və universitetin prorektorları da iştirak edib. Tələbələri salamladıqdan sonra A.Rıbak onların Eurovision və şəhərimizlə bağlı suallarını cavablandırıb, Azərbaycan haqqında təəssüratlarını bölüşüb. Görüşün sonunda Aleksandır Rıbak ADU tələbələrinin 4 dildə sərbəst danışmaqlarına heyran olduğunu dilə gətirib. Daha sonra Skandinaviya mərkəzi ADU haqqında kitabı ona hədiyyə etdi. Sonda A.Rıbak ADU-nun akt zalında konsert proqramı ilə çıxış edib.
|
|